“Volqa” Vaqif Cavadovu qovduqlarını bir daha təsdiqlədi
18.01.2012 - 11:13
“Volqa” Vaqif Cavadovu qovduqlarını bir daha təsdiqlədi
Azərbaycanlı futbolçu Vaqif Cavadovun Rusiyanın “Volqa” klubundan qovulduğu təsdiqlənib. Bu barədə Lent.az-a klubun mətbuat xidmətinin rəhbəri Sergey Kozunov açıqlama verib. O bildirib ki, 23 yaşlı hücumçu ilə anlaşma qarşılıqlı razılıq əsasında, amma məhz “Volqa”nın təşəbbüsü ilə pozulub. Kozunovun sözlərinə görə, Cavadov rəhbərliyin qərarını anlayışla qarşılayıb.


Mətbuat katibi rəsmi açıqlamanın gün ərzində saytda yerləşdiriləcəyini də əlavə edib: “Yanvarın 17-də Vaqif Nijni-Novqorodda olsa da, telefonu bağlı idi. Ona görə də özündən açıqlama ala bilmədik. Yəqin ki, bu gün Cavadovla bağlı xəbəri saytımızda yerləşdirəcəyik”.


Qeyd edək ki, Vaqif Cavadovun “Volqa”dan qovulduğunu məhz Sergey Kozunovun özü yanvarın 11-də ilk dəfə Lent.az-a açıqlamışdı. “Futbol+” qəzetinin yazdığına görə, Cavadov “Qarabağ”a transfer olunub. Bunu Ağdam klubunun icraçı direktoru da təsdiqləyib. Amma hələlik “Qarabağ”ın rəsmi saytında müvafiq məlumat yerləşdirilməyib.