“Dünyanın ən yaxşı futbolçusu da gəlsə...”
18.01.2012 - 12:35
“Dünyanın ən yaxşı futbolçusu da gəlsə...”
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçərin apasport.az saytına müsahibəsi

- Komanda artıq Antalyada toplanışına start verib. Öncə hazırlıq barədə fikirlərinizi bilmək istərdik...
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” bunadək öncə Bakıda, sonra Lənkəranda bir araya gəlmişdi. Orda testlərimizi həyata keçirdik. Burda hər şey istədiyimiz kimi gedir. Futbolçular həvəslə işləyir, gənclər özlərini göstərməyə çalışırlar, təcrübəlilər də onlara öz köməklərini göstərirlər.

- Qış fasiləsi ilə əlaqədar futbolçular 15 gün istirahətdə oldular. İstirahətdən qayıtdıqdan sonra onların fiziki durumunda problem, artıq çəkiləri vardımı?
- Belə problemin yaranmamağı üçün istirahətə gedərkən futbolçulara fərqli-fərqli müəyyən proqramlar hazırlayıb vermişdik. Hiss olunur ki, bunlara əməl ediblər. Artıq çəki ilə bağlı problemləri olduğunu düşünmürəm.

- Malidən 3 futbolçu transfer edilib. Onlar hazırlığa nə vaxt qatılacaq?
- Həmin futbolçular həftənin sonunadək bizimlə məşqlərə başlayacaqlar.

- Syerra-leoneli yarımmüdafiəçi Julius Vobayın hazırlığa qatılmamağının səbəbi nədir?
- Onun viza ilə bağlı problemi var. O da bizimlə eyni vaxtda burda olmalı idi. Amma viza probleminin olduğunu deyirlər. Hər halda, gözləyirik.

- Yəni, gəlməyə də bilər...
- Gəlməlidir. Vobay bizim futbolçudur, klubla müqaviləsi var.

- Onun “Bakı” ilə danışıqlar aparıldığı bildirilir...
- Vallah, kiminlə görüşdüyünü bilmirəm, amma Julius bizim futbolçudur. Hazırlığa da qatılması planlaşdırılıb. Nə istədiyini, düşündüyünü də gəlib bizimlə açıq danışmalıdır.

- Rikardo Qomeş 3 aya yaxın idi komandanı tərk etmişdi. Onun fiziki durumu nə yerdədir?
- Onun əvvəlki problemi haqda danışmaq istəmirəm. Bu haqda çox yazılıb. Problem odur ki, Qomeş bu müddətdə futboldan ayrı düşüb. Artıq komandaya dönüb, hazırlıqlara başlayıb. Amma onun tam formaya düşməsi vaxt aparacaq.

- Adətən yeni baş məşqçi gələndə xələfinin komanda cəlb etdiyi futbolçulardan imtina edir. Ola bilərmi ki, Mirça Rednikin “Xəzər Lənkəran”a gətirdiyi futbolçuları zaman-zaman heyətdən uzaqlaşdırılsın?
- Mənim futbol fəlsəfəmdə belə şey yoxdur. Yaxşı futbolçudan kim imtina edər? Rednikin gətirdiyi 2 futbolçu ilə vidalaşmışıq. Hər ikisi yaxşı futbolçu idi. Sadəcə, bizim sistemə uyğun gəlmədikləri üçün onlardan ayrıldıq.

- “Xəzər Lənkəran” adətən qış fasiləsində səs-küylü transferlər həyata keçirir. Sizin də belə bir fikriniz varmı? Ümumiyyətlə, hazırda sərəncamınızda olan futbolçularla mükafatlara iddia etmək olarmı?
- Sizə belə deyim: Düzdü, əvvəllər komanda tanınmış futbolçuları transfer etməklə diqqət mərkəzində olub. Amma bildiyiniz kimi, 3 gənc – 21, 22 yaşında futbolçu almışıq. Mənim üçün ulduz futbolçu transfer etmək vacib deyil. Əsas odur ki, həmin futbolçu komandaya xeyir versin. Dünyanın ən yaxşı futbolçusu da gəlsə, komandaya xeyir vermirsə, nəyimizə lazımdır?

- Ernad Skuliçin “Xəzər Lənkəran” keçib-keçməyəcəyi çox müzakirə olundu. Bu barədə yekun qərar necə oldu?
- Yenə deyirəm, “Bakı”da rəhbərliyim altında oynamış futbolçular o vaxt dostum idi, indi də. Skuliç də onlar kimi. Amma bizim klubun belə siyasəti var: Azərbaycanda hansısa klubda oynayan legioner “Xəzər Lənkəran”a transfer edilə bilməz. Skuliç də onlardan biridir. Onu komandamıza transfer etmək fikrimiz yoxdur.

- Konkret olaraq, komandada hansı mövqe güclənməlidir?
- Bildiyiniz kimi, hücum xəttinə 3 futbolçu almışıq. Müdafiəyə isə 1 futbolçu almaq istəyirik.

- Sizdən öncə komanda daxilində baş verən məlum hadisələrdən sonra “Xəzər Lənkəran”ın mükafatçılar sırasına düşəcəyinin çətin olacağı barədə fikirlər dolaşdı. Amma klub rəhbərliyi, azarkeşlər komandadan titul gözləyirlər...
- Bu komanda yarandığı gündən mükafatlar uğrunda mübarizə aparıb, titullar qazanıb. Bundan sonra da belə olacaq. Hazırda komanda daxilində hər hansı problem yoxdur. Məqsədimizə çatmaq üçün var gücümüzlə mübarizə aparacağıq.

İxtiyar ƏSGƏROV
ANTALYA