“Xəzər Lənkəran”ın günahı üzündən Almaniya klubuna keçə bilmədim”
18.01.2012 - 14:08
“Xəzər Lənkəran”ın günahı üzündən Almaniya klubuna keçə bilmədim”
“Azərbaycanda bir mövsüm oynayandan sonra Almaniya klubunda oynamaq variantım yarandı. Ancaq təəssüf ki, əvvəlki klubum olan “Xəzər Lənkəran”ın günahı üzündən orada oynamağa icazə ala bilmədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın slovakiyalı sabiq futbolçusu İvan Pexa deyib. 2009/10 mövsümündə ölkəmizdə oynayan 26 yaşlı mərkəz müdafiəçisi yalnız son turda “Bakı” ilə çempionluğun müəyyənləşdiyi matçda cəza üzündən meydana çıxmadı. Həmin çempionatın yekununa əsasən simvolik yığmaya daxil olan Pexa mövsüm bitəndən sonra Lənkəran klubundan kənarlaşdırıldı.

“Xəzər Lənkəran”a BATE-dən gələn İvan yenidən Belarus çempionatında oynayır. Qrodnonun “Neman” klubu ilə müqaviləsini uzadan legioner II Bundesliqa təmsilçisi “Kikkers Offenbax”da oynaya bilməməyinə görə cənubluları günahlandırıb. Pexanın sözlərinə görə, Lənkəran klubu transfer vərəqini göndərməyib: “Offenbaxda komandada oynamadım, yalnız yarım il məşq etdim. Allaha şükür ki, ötən il “Neman” variantı yarandı və mən indi rahatca oynayıb, indiki komandama xeyir verə bilərəm”.