“Azərbaycanla oyundan sonra karyeramı bitirəcəyəm” - MÜSAHİBƏ
28.01.2012 - 12:20
“Azərbaycanla oyundan sonra karyeramı bitirəcəyəm” - MÜSAHİBƏ
Rusiyanın “Krasnodar” klubunun və Belarus milli komandasının futbolçusu Aleksandr Kulçiy Lent.az-a müsahibə verib.

38 yaşlı yarımmüdafiəçi yığmanın rekordçusu sayılır. O, 98 dəfə milli forma geyinib. 1994-cü ildən yığmada çıxış edən Kulçiy rəqib qapılarına 5 qol vurub. Təcrübəli futbolçu hazırda millinin kapitanı olmasa da, liderlərdən biridir.

- İyunun 5-də Azərbaycan millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcəksiniz. Komandamız haqqında nə bilirsiniz?
- Prinsipcə, yığmanız seçmə mərhələlərdə qrupda 4-cü pillədən yuxarı yer tutmayıb. Düzdürmü?

- Xeyr. Ən yaxşı halda millimiz 5-ci olub.
- Aydındır. FİFA reytinqində neçənci olduğunuzu isə deyə bilmərəm.

- Millimiz hazırda 111-cidir. Yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Ötən il dekabrın 8-də Belarus yığmasına yeni baş məşqçi təyin olunub. Bernd Ştangeni Georgi Kondratyev əvəzləyib. Yəqin ki, Kondratyev heyətdə gəncləşdirmə siyasəti aparacaq. Sentyabrda 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinə start veriləcək. Seçmə tsikl öncəsi baş tutacaq yoldaşlıq görüşündə yeni heyət modeli nəzərdən keçiriləcək. Bu qarşılaşma xətlərarası əlaqələrin formalaşdırılması baxımından əhəmiyyətə malikdir.

- Həmin gün Siz millidə 100-cü oyununuzu keçirə bilərsiniz...
- Bəli. İndiyədək 98 dəfə milli forma geyinmişəm. Azərbaycanla oyunadək fevralın 28-də Moldovaya qarşı da yoldaşlıq görüşümüz nəzərdə tutulub.

- Amma heyətdə gəncləşdirmə siyasətinin aparılacağını dediniz. Bu baxımdan, 39 yaşınızda ikən yığmadan dəvət gözləyirsiniz?
- Ümidvaram ki, mənə 100 oyunda çıxış etmək imkanı verəcəklər. Bununla da mənim yığma karyeram başa çatacaq.

- 2012-ci il Avropa çempionatının seçmə mərhələsində qrupdan çıxa bilməməyinizə nə mane oldu?
- Biz seçmə mərhələyə çox yaxşı başlamışdıq. 2010-cu ildə keçirdiyimiz görüşlərdə Fransanı səfərdə yenmiş, Rumıniya və Lüksemburqla heç-heçə etsək də, Albaniyaya qalib gəlmişdik. Beləliklə, ilk 4 oyundan 8 xal əldə etmişdik. Lakin sonradan 10-12 oyunçumuz zədələndi. Bu səbəbdən, 2011-ci ildə baş tutan qarşılaşmalarımızda optimal heyətlə çıxış edə bilmədik. Beləliklə, daha 6 görüşdən cəmi 6 xalla kifayətləndik və yekunda 14 xalla qrupu 4-cü pillədə bitirməli olduq. Halbuki 2010-cu ilin yekununda qrup ikincisi idik.