Skuliç, Ramim, Mpenza və başqaları
28.01.2012 - 17:03
Skuliç, Ramim, Mpenza və başqaları
Aparıcı klublarımızda forma geyinən bəzi futbolçuların qış fasiləsində iş yerlərini dəyişəcəkləri öncədən bəlli idi. Çünki məsələn, Elmar Baxşıyev və Ernad Skuliç kimi futbolçuların cari çempionatda debüt etməmələri nə onların özlərini, nə də məxsus olduqları klubları qane edə bilməzdi. Elə ona görə də, elita təmsilçiləri istirahətə yollandıqdan sonra bu qəbildən olan oyunçuların talelərinə yavaş-yavaş aydınlıq gəlməyə başladı.

Ernad Skuliç. Əslində, Xorvatiyalı futbolçu "Bakı"nı yayda tərk etməli idi. Lakin Aleksandr Starkovun gəlişindən sonra transferə çıxarılan Skuliç üçün müştəri tapılmadı. Təcrübəli yarımmüdafiəçi uzun müddət "Bakı"nın əsas futbolçularından biri sayılsa da, Starkov onun xidmətində maraqlı olmadı. Elə ona görə də Skuliçin adı cari mövsüm üçün Peşəkar Futbol Liqasına göndərilmiş iştirak ərizəsinə salınmadı.

İndi qış fasiləsi olduğundan xorvatiyalı yarımmüdafiəçinin özünə komanda tapmaq şansı yaranıb. Bir müddət öncə "Xəzər-Lənkəran"ın baş məşqçisi Cüneyt Biçər "Bakı"da rəhbərliyi altında oynayan Skuliçi öz yanına aparmaq niyyətində olduğunu açıqlamışdı. Hətta tərəflər arasında danışıq da olmuşdu. Lakin Ernadın transferi müqabilində tələb etdiyi məbləğ "Xəzər-Lənkəran"ı qane etmədiyi üçün məsələ hələ də açıq qalıb.

Fabio Luis Ramim. Milliləşdirilmiş braziliyalının da qışda "Bakı"nı tərk edəcəyi gözlənilən idi və belə də oldu. Starkov cari çempionatda cəmi 5 oyunda şans verdiyi Ramimi transferə çıxarmağı uyğun bildi. Özünə yeni iş yeri axtaran "sambaçı" ölkəmizi tərk etməyi düşünür. Bu haqda braziliyalı yarımmüdafiəçinin özü məlumat verib.

Ramim qış fasiləsində ölkəmizdə özünə yeni klub tapa bilmədiyini bildirib. Üstəlik, millimizə də cəlb olunan 30 yaşlı futbolçu daha bir problemi aradan qaldırmalıdı. Bir müddət zədəli olan futbolçunun dizində ağrılar qalmaqdadı. Ramimin bunun üçün tam müalicə olunmağa ehtiyacı var. Təcrübəli futbolçu bu məqsədlə vətənə dönmək istəyir. Əslində, Fabio karyerasını ölkəmizdə davam etdirmək istəyir. Ancaq təklif olmadığından alternativ variantlar barədə düşünməyə məcburdu.

Qeyd edək ki, Fabio 2005-ci ilin qışından fasiləsiz ölkəmizdə çıxış edir və çempionluq, kubok qazandığı "Bakı"ya qədər "MKT-Araz" və "Olimpik"də oynayıb.

Əziz Quliyev. Berti Foqtsun ara-sıra milliyə dəvət etdiyi Əziz Quliyev də Aleksandr Starkovun "qara siyahı"sına düşənlərdəndi. İki il öncə "Karvan"dan paytaxt klubuna transfer olunan 25 yaşlı yarımmüdafiəçi cari çempionatda cəmi 2 oyun keçirib. Bu isə gənc futbolçunu heç cür qane edə bilməzdi. Elə ona görə də müqaviləsinin müddəti başa çatan Əzizin "Bakı"nı tərk edəcəyi gözlənilən idi.

Skuliçlə Ramimdən fərqli olaraq, Quliyev ortalıqda qalmayıb. O, "İnter"lə anlaşıb və hazırda yeni komandası ilə birgə toplanışdadı. İndi gənc futbolçunun qarşısında çətin bir vəzifə durur: əsas heyətdə özünə yer etmək.

Emil Mpenza. Belçikalı forvardın "Neftçi"nin ona verdiyi pula layiq olmadığını söyləməyə gərək yoxdu. Vaxtı ilə "Şalke" və "Mançester Siti" kimi məşhur klubların formasını geyinən forvard səs-küylü şəkildə transfer edilsə də, ümidləri doğrultmadı. Düzdü, o, gəldiyi mövsümdəcə ölkə çempionatının qızıl medalını qazandı. Lakin Mpenzanın çempionluqda böyük pay sahibi olmadığı hamıya məlumdu. İndiyədək "Neftçi"nin heyətində cəmi 6 qol vuran Emilin etdiyini yerli və ya adi bir legioner futbolçu da edə bilərdi.

Cari çempionatın əksər oyunlarını zədə üzündən buraxan, "Neftçi"nin AZAL-ı 7:1 hesabı ilə məğlub etdiyi matçda belə fərqlənə bilməyən Mpenzanın ölkəmizdə işinə barmaqarası yanaşdığı göz önündədi. Təbii ki, Mpenzanın "Neftçi"də özünə əziyyət vermək istəməməsi klub rəhbərliyinin də diqqətindən yayınmayıb. Elə ona görə də "ağ-qaralar" belçikalıdan 6 ay erkən qurtulmağı lazıb biliblər. Artıq Emil üçün real müştəri də var. Onu vətənə - "Vesterlo"da çıxış etməyə çağırırlar. Lakin Mpenza qərar verməyə tələsmir. O, bildirib ki, maddi baxımdan daha sərfəli təklif gözləyir.

Elmar Baxşıyev. Yığmamızın sabiq üzvü "Neftçi"ni hələ ötən mövsüm tərk etməli idi. Çünki Arif Əsədov ona nadir hallarda şans verirdi. Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra Elmarın "dəftər"i birdəfəlik bağlandı. Təsadüfi deyil ki, o, cari çempionatda debüt etməyib.

Lakin artıq Baxşıyevin mövsümün qalan bölümündə yaşıl meydanlara dönmək imkanı var. Hər halda, təcrübəli yarımmüdafiəçi bugünlərdə "Qəbələ"yə transfer olundu. Daha öncə "Xəzər Universiteti", "İnter" və "Xəzər Lənkəran"da forma geyinən və millimizin şərəfini qoruyan Elmar "Qəbələ" ilə 1 illik müqavilə imzalayıb.

Emeka Opara. "Xəzər Lənkəran" qış fasiləsində nigeriyalı hücumçusu Emeka Opara ilə yollarını ayırmağa qərar verdi. Afrikalı hücumçu artıq bir müddətdi transferə çıxarılıb. Buna səbəb Emekanın ümidləri doğrulda bilməməsidi. "Xəzər Lənkəran"a gəldiyi gündən keçirdiyi 53 matçda cəmi 11 qol vuran Oparanın məhsuldarlığı klub rəhbərliyini qane edə bilməzdi. Buna görə də müqavilə ilə hələ Lənkəran təmsilçisinə məxsus olan nigeriyalının transferə çıxarılmasına qərar verilib.

Leonardo Roşa. Bu cür intizamsız futbolçunun "Qarabağ"da uzun müddət duruş gətirməyəcəyi öncədən bəlli idi. Təsadüfi deyil ki, Ağdam klubunun yayda Roşanı transfer etməsi birmənalı qarşılanmamışdı.

"Qarabağ" artıq braziliyalı futbolçusu ilə yollarını ayırıb. Ağdam təmsilçisi qış istirahətini bitirərək hazırlığa başlasa da, Roşa gəlib çıxmadı. Elə ona görə də "Qarabağ" rəhbərliyi vaxtında geri dönməyən əhlikef legionerini saxlamağı lazım bilmədi.

Qeyd edək ki, Leonardonun nizam-intizamla bağlı əvvəllər də problemləri olub. O, "Standard" və "İnter"dən bu üzdən qovulmuşdu.

ŞAMO
Ekspressfutbol