Torres: Favorit Braziliya yox, Almaniyadır
29.01.2012 - 11:34
Torres: Favorit Braziliya yox, Almaniyadır
Azərbaycan millisinin braziliyalı sabiq baş məşqçisi Karlos Alberto Torres vaxtilə kapitanı olduğu Braziliya yığmasına qiymət verib. Apasport.az saytının məlumatına görə, 68 yaşlı veteran müdafiəçi “sambaçılar”ın 2014-cü ildə vətənində keçiriləcək dünya çempionatında şansını dəyərləndirib.

Torres planetin ən titullu yığması – 5 dəfə dünya çempionluğunu qazanan Braziliyanın uğurunu davam etdirəcəyinə şübhə ilə yanaşır: “Braziliya yığması dünya çempionatını qazanacaqmı? Mən nikbin fikirdəyəm, ancaq eyni zamanda realistəm. İndi Braziliya yığmasında komanda oyunu yoxdur. Gəlin unutmayaq ki, son 2 dünya çempionatında milli komandamızın heyəti indikindən xeyli yaxşı idi. Ancaq hətta onda biz dünya çempionu ola bilmədik. İndi çoxları Almaniya haqda danışır. Mənim də növbəti dünya çempionatında ən böyük favoritim bu yığmadır”.

Qeyd edək ki, Torres 2004-cü ilin yanvarından 2005-ci ilin iyununa kimi millimizi çalışdırarıb və uğursuz çıxışa görə istefaya göndərilib. O, yığmamızın ilk əcnəbi baş məşqçisi kimi tarixə düşüb.

Torres 1970-ci ildə Braziliya yığmasının heyətində dünya kubokunu başı üzərinə qaldırıb.