“Xəzər Lənkəran” qisasını aldı - YENİLƏNİB
29.01.2012 - 20:55
“Xəzər Lənkəran” qisasını aldı - YENİLƏNİB

“Xəzər Lənkəran” Antalyada hazırlığı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi üçüncü sınaq matçında Qazaxıstanın “Atırau” klubu ilə qarşılaşıb.

“Ağ-yaşıllar” bu rəqiblə Antalyada ötən qış fasiləsində də qarşılaşmışdı. Həmin vaxt həmyerlimiz Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstan təmsilçisi “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəlmişdi. Maraqlıdır ki, yenə həmin hesab qeydə alınsa da, bu dəfə qələbəni lənkəranlılar qazanıb. Bununla da, “ağ-yaşıllar” 1 il öncəki məğlubiyyətin əvəzini çıxıblar.

Qeyd edək ki, Azərbaycan kubokunun son qalibi hazırkı toplanışında Türkmənistan yığmasına 3:1, Almaniyanın “Volfsburq-II” komandasına 2:1 hesabı ilə qalib gəlib.

“Xəzər Lənkəran” - “Atırau” - 2:1
QOLLAR: Branimir Subaşiç, 35, Eder Bonfim, 44 - Sergey Şaff, 71

“Xəzər Lənkəran”ın heyəti - Kamran Ağayev (Orxan Sadıqlı), Elnur Allahverdiyev (Zahid Quliyev), Elvin Beçiri, Andrey Mureşan (Rikardo Qomeş), Eder Bonfim (Şəhriyar Xəlilov), Rahid Əmirquliyev, Elnur Abdullayev (Salif Ballo), Adrian Pit, Alim Qurbanov (Antonio Samedo), Tounkara Sadio (Elman Taqayev, Akif Tağıyev), Branimir Subaşiç



Nəzərdə tutulduğundan 10 dəqiqə gec başlayan matçı rusiyalı hakimlər idarə edib. 31-ci dəqiqədə zədələnən Kamranı komandanın 3-cü qapıçısı Orxan Sadıqlı əvəzləyir.

Bundan 4 dəqiqə sonra Pitin gözəl ötürməsindən sonra Subaşiç qapıçı ilə təkbətək çıxaraq, hesabı açıb.

Fasiləyə 1 dəqiqə qalmış Pit yenidən məhsuldar ötürmə müəllifi olur. Bu dəfə onun hava ötürməsindən sonra Eder başqa qol vurur. Rəqib matçın sonuna 19 dəqiqə qalmış hesab arasındakı fərqi azaldır və bu, oyunda son qol olur.