Klublarımızı və Saşa Yunisoğlunu Polşadan məyus yola salan baş məşqçi ilə növbəti duel
29.01.2012 - 13:24
Klublarımızı və Saşa Yunisoğlunu Polşadan məyus yola salan baş məşqçi ilə növbəti duel
“Neftçi”nin Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə azərbaycanlı futbolsevərlərə yaxşı tanış baş məşqçi ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionunun yarışda sabahkı rəqibi Polşanın “Poloniya” klubunu avrokuboklarda 2 dəfə bizə rəqib olan Yatsek Jelinski çalışdırır. 51 yaşlı polşalı mütəxəssis 2007-ci ildə UEFA kubokunda İmişlinin “MKT-Araz”, 3 il sonra Çempionlar Liqasında Bakının “İnter” klubu ilə üzləşib və hər 2 halda, dueldən qalib ayrılıb.

Jelinski 2007-ci ilin yayında Polşanın “Qrotslin” klubunun baş məşqçisi kimi paytaxtımıza səfər edib. Həmin vaxt “MKT-Araz”la UEFA kubokunun I təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublikasındakı oyun qolsuz bərabərliklə nəticələndi. Polşalılar evdəki cavab matçının (1:0) sonunda vurduğu yeganə qolla komandamızı mübarizədən kənarlaşdırdı.

Təcrübəli mütəxəssis 2010-cu ilin yayında artıq Polşanın daha güclü komandası – “Lex”in çalışdırıcısı kimi Bakıya gəlir. Bu dəfə Respublika stadionunda “İnter”lə Çempionlar Liqasının II təsnifat mərhələsində sınaq idi. Poznan təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gələndən sonra çoxları artıq növbəti mərhələyə vəsiqəni qazandığını düşündü. Hər halda, Polşa klubları evdə güclü azarkeş dəstəyi altında çox inamlı təsir bağışlayırlar. Ancaq həmin vaxtkı çempionumuz matçın sonunda latviyalı hücumçusu Girts Karlsonun vurduğu qolla 2 oyunun nəticəsinə görə hesabı bərabərləşdirməyə müvəffəq oldu.

Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqəlik əlavə vaxt təyin olunsa da, hesab dəyişmədi. Nəticədə oyun sonrası penaltilər seriyası təyin edildi ki, burada da uzun müddət qalibi müəyyənləşdirmək mümkün olmadı. Nəhayət, 10 sahə oyunçusundan sonra zərbə vurmaq növbəsi qapıçılara çatdı. “İnter”in gürcü qapıçısı Georgi Lomayanın zərbəni dəqiq vura bilməməyi Jelinsikini 2-ci dəfə Azərbaycan klubu ilə dueldən qalib ayırdı.

Əslində bu çalışdırıcı təkcə komandalarımızın yox, futbolçumuzun da Avropada taleyinə təsir göstərib. Söhbət milli komandamızın üzvü olan Saşa Yunisoğlundan gedir. “Qəbələ”nin müdafiəçisi “MKT-Araz”da oynadığı vaxtda UEFA kubokunda yaxşı oyunu ilə Jelinskinin diqqətini cəlb etdi. Elə oldu ki, İmişli klubu məhz “Qrotslin”ə məğlubiyyətdən sonra növbəti çempionatımızın startına 1 həftə qalmış dağıldı. Nəticədə futbolçuları sərbəst oldu və Jelinski bundan istifadə edərək, Yunisoğlunu komandasına transfer etdi. Saşa Polşa çempionatında debüt mövsümündə bürünc medal qazanan “Qrotslin”in heyətində yer aldı. Ancaq Jelinski müdafiəçimizə az şans verdi və həmin mövsüm bitəndən sonra komandası “Poloniya” ilə birləşdi. Onun da baş məşqçisi olan Jelinski Yunisoğluya daha heç güvənmədi və nəticədə 2009-cu ilin qışında transferə çıxarılan futbolçu vətənə dönərək, “Bakı”ya keçdi.

Qeyd edək ki, 2 illik fasilədən sonra “Poloniya”nın “sükanı arxası”na qayıdan Jelinski “Neftçi”yə rəqib olduğu Antalyadakı turnirdə ilk oyunda Özbəkistanın “Paxtakor” klubu üzərində 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Mehman SÜLEYMANOV