Antalyada “ağ-qaralar”ın savaşı: “Neftçi”nin rəqibi Nihat Kahveçini alıb?
29.01.2012 - 16:58
Antalyada “ağ-qaralar”ın savaşı: “Neftçi”nin rəqibi Nihat Kahveçini alıb?
“Neftçi”nin Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 2-ci rəqibi olan Polşanın “Poloniya” klubu Azərbaycan futbolu ilə həmyaşıddır. Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi futbolumuz kimi 1911-də yaradılıb və ötən il 100 illik yubileyini qeyd edib. Komandanın tarixində qızıl dövr 2000-ci ildə olub. Belə ki, “Poloniya” həmin ildə ölkə çempionluğu, Polşa liqasının kuboku və Superkubokunu qazanaraq, het-trik edib. Onda əldə edilməyən yeganə titul – ölkə kuboku isə 1 il sonra qazanılıb. Varşavalılar 2 dəfə çempion və ölkə kubokunun sahibi olub ki, bu, ilk dəfə müvafiq olaraq 1946 və 1950-ci ildə reallaşıb.

Maraqlıdır ki, “Poloniya”nın da “Neftçi” kimi rəmzi “ağ-qara”dır. Komandamız Azərbaycanın ən yaşlı futbol, Varşava təmsilçisi isə ölkəsinin ən yaşlı idman klubudur. Orada futbolla yanaşı, basketbol komandası fəaliyyət göstərir. Rəqibimizdə əsasən yerli futbolçular cəmləşib və baş məşqçisi də polşalı Yatsek Jelinskidir. Ancaq onun heyətində bir sıra legionerlər yer verib ki, onlardan “Paxtakor”la turnirin ilk oyununda qələbə topunu vuran braziliyalı yarımmüdafiəçi Brunonu liderlərindən saymaq olar. Bundan əlavə, müdafiəçi Aleksandr Todorovski Makedoniya yığmasının heyətində millimizlə yoldaşlıq görüşlərindən bizlərə tanışdır. Yeri gəlmişkən, o, “Neftçi” ilə matçda həmyerlilərinə - yığmada komanda yoldaşı olduğu müdafiəçi İqor Mitreski ilə yarımmüdafiəçi Slavço Georgiyevskiyə qarşı oynayacaq.

“Poloniya”nın türkcə internet səhifəsi ilə tanış olarkən, ötən ilin sonuna olan heyətində məşhur türkiyəli futbolçu Nihat Kavheçinin yer aldığı diqqətimizi çəkdi. Ancaq məlum olduğu kimi, yaxında futbolçu karyerasını bitirən 33 yaşlı Nihat bu komandada oynamayıb. Belə olan halda, yanlışlığa yol verən türklər görünür, öz hücumçularının hələ də Avropada oynamağını arzulayırlarmış.

Ötən mövsümü 7-ci yerdə bitirən “Poloniya” vəsiqə qazana bilmədiyi avrokuboklarda 1997-ci ildən çıxış edir. Onun qitə miqaysında keçirdiyi 38 oyunda qələbə və məğlubiyyətlərinin sayı eynidir – 16. Daha 6 matç isə heç-heçə nəticələnib. Ancaq komanda Çempionlar Liqası, İntertoto kuboku, UEFA kubokunda (sonradan Avroliqa) heç vaxt qrupa çıxmayıb, ən yaxşı halda, III təsnifat seçmə mərhələsinə kimi yüksələ bilib.

“Poloniya”nın tarixində yeganə azərbaycanlı futbolçusu Saşa Yunisoğlu olub. Millimizin müdafiəçisi çıxış etdiyi “Qrotslin”in 2008-ci ilin yayında birləşdiyi bu komandanın heyətində yer alıb və az oynayaraq, ilk dövrədən sonra vətənə qayıdıb.

Qeyd edək ki, Antalyadakı turnirə qələbə ilə başlayan varşavalılar son çempionumuzla sabah Bakı vaxtilə saat 13:00-da görüşəcək.


Mehman SÜLEYMANOV