“2 il öncə Azərbaycandan təklif almışdım”
30.01.2012 - 00:03
“2 il öncə Azərbaycandan təklif almışdım”
“Xəzər Lənkəran” Antalya hazırlığı çərçivəsində üçüncü yoxlama oyununda Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşdı. “Ağ-yaşıllar”ın 2:1 hesablı qələbəsindən sonra “Atırau”nun baş məşqçisi, tanınmış serbiyalı mütəxəssis Zoran Filippoviç apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına eksklüziv müsahibə verib. Vaxtilə “Benfika”, “Boavişta”, “Sampdoriya”, “Srvena Zvezda”, eləcə də keçmiş Yuqoslaviya və Çernoqoriya millilərinə rəhbərlik etmiş Filippoviç müxbirimizlə söhbətində oyun barədə və Azərbaycanın hansı klubundan təklif almasından danışdı.

- Çox maraqlı qarşılaşma izlədik. Hər iki komanda meydanda maksimum gücündən istifadə etdi ki, nəticədə baxımlı oyun alındı.

- Komandanız bu qarşılaşmadan öncə digər Azərbaycan klubu “Kəpəz”ə 1:4 hesabı ilə uduzmuşdu. Təcrübəli mütəxəssis kimi, “Kəpəz”i, yoxsa “Xəzər Lənkəran”ı daha güclü sayırsınız?
- Düzdü, biz “Kəpəz”ə böyük hesabla uduzduq. Amma həmin qarşılaşmada demək olar heyətdəki bütün futbolçulara şans verdim. “Xəzər Lənkəran”a isə 1:2 hesabilə yenildik. Uduzmaya da bilərdik. Futbolçularımız ikinci yarıda 1-2 epizodda yaxşı şans qazansalar da, hesabı bərabərləşdirə bilmədilər. Bu 2 oyundakı nəticəyə baxmayaraq, fikrimcə, “Xəzər Lənkəran” “Kəpəz”dən çox güclüdür.

- Oyun zamanı çox aqressiv hərəkətlər edirdiniz. Buna səbəb nə idi?
- Bir çox epizodlarda rəqib futbolçular açıq-aşkar kobudluq edirdilər, çox sərt oynayırdılar. Yoxlama matçında futbolçularımızın zədələnməsindən ehtiyatlanırdım. Hakimin bəzi qayda pozuntularına göz yummasına da dözə bilmirdim.

- Bəs komandanıza ilk qolu vuran futbolçunu tanıdınızmı?
- Həmin epizodda hansı futbolçunuzun fərqləndiyini görmədim. Amma az sonra qolu həmyerlim Branimir Subaşiçin vurduğunu bildim.

- Deyəsən, Subaşiçi yaxından tanıyırsınız. Oyundan az əvvəl söhbət etdiyinizin şahidi olduq...
- Bəli, onu çoxdan tanıyıram. Azərbaycan yığmasında oynamasından da xəbərim var.

- Bəs Azərbaycan futbolu haqda hansısa məlumata maliksiniz?
- Əlbəttə ki. Ölkənizdə tanınmış mütəxəssislərin çalışmasını eşitmişəm.

- Sizə ölkəmizdən hər hansı təklif olubmu?
- 2 il əvvəl Bakının “İnter” klubundan dəvət gəlmişdi. Amma sonradan alınmadı.

- Niyə alınmadığının səbəbini öyrənmədiniz?
- Çünki onlar sonradan almaniyalı məşqçi ilə anlaşdılar.

- “İnter”də indiyədək almaniyalı məşqçi işləməyib. Bəlkə sizinlə maraqlanan digər klubumuz olub?
- Yox, yox. Dəqiq bilirəm ki, “İnter” idi.

- “İnter”də əvvəl ukraynalı çalışıb, sonra isə postunu gürcüstanlı məşqçiyə verib...
- ....(fikirləşir)

- Siz almaniyalı məşqçi deyəndə, bəlkə Vinfred Şaferi nəzərdə tutursunuz?
- Deyəsən elədir. Amma bu o qədər vacib deyil.

- Bəs “Xəzər Lənkəran”ın heyətində elə bir futbolçu vardımı ki, onu öz komandanızda görmək istəyəsiniz?
- Mən rəqibin yox, öz komandamızın futbolçularını izləyirdim.

İxtiyar ƏSGƏROV
ANTALYADAN