“Rəvan” 2 hücumçu ilə müqavilə bağladı
30.01.2012 - 13:16
“Rəvan” 2 hücumçu ilə müqavilə bağladı
“2 hücumçu ilə müqavilə imzaladıq. Onlar qarşıdakı 1 il ərzində bizim komandanın formasını geyinəcəklər”. Bu sözləri apasport.az saytına “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Qış fasiləsində hücum xəttini gücləndirməyə çalışan paytaxt klubu 2 forvardla anlaşıb. Baş məşqçinin sözlərinə görə, baxışda olan Sergey Artyux və Nemanya Vidakoviçlə müqavilə imzalanıb: “Sierri-Leonedən hücumçu gəlməli idi. Gözləyə-gözləyə gecikdiyimizi gördüm. Ona görə də hər iki futbolçu ilə anlaşdıq”.

Qeyd edək ki, ukraynalı hücumçu Artyux azarkeşlər üçün yad sima deyil. O, əvvəllər “Simurq”un formasını geyinib. Forvard cari mövsümə “Turanın heyətində başlayıb və 5 qol vurub. Lakin maliyyə problemləri yaşayan Tovuz təmsilçisi onun maaşını vaxtında ödəyə bilmədiyi üçün Artyux vətəninə dönüb.

Nemanya Vidakoviçə gəldikdə, 1985-ci ildə Belqradda dünyaya gələn futbolçu karyerasına “Obilits”də start verib. Rumıniya klublarından “Panduri”nin də formasını geyinən serb hücumçu həmin ölkədə “Munisipal”ın uğurları üçün də tər töküb. Onun sonuncu klubu Bosniya və Herseqovina təmsilçisi “Borats” olub.

Vidakoviç “Borats”la 24 oyuna çıxıb və 5 qol vurub.