“Flavinyo onu “Neftçi”yə aparmaq istəyirdi”
30.01.2012 - 13:56
“Flavinyo onu “Neftçi”yə aparmaq istəyirdi”
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun apasport.az saytına müsahibəsi

- AZAL-la keçirdiyiniz yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
- İndi elə məqamdı ki, bu cür oyunlar sırf heyəti yoxlamaq üçün nəzərdə tutulub. AZAL-la görüşdə də belə etdik. Heyətdə 24 futbolçumuz var. Onları iş başında yoxlamağa çalışdıq. Təbii ki, oyuna əsas heyətlə başladıq. Əsas heyət meydanda olan vaxt hesab 1:1 idi. Ancaq sonradan digər futbolçuları 30 dəqiqə olmaqla meydana buraxdım və nəticədə 2:5 hesabı ilə yenildik.

- Premyer Liqanın XVIII turunda AZAL-ı məğlub edərək, qış fasiləsinə yollanmışdınız. Amma bu dəfə böyük hesabla yenilməyiniz bir qədər gözlənilməz oldu. Bu sizi narahat etmədi?
- Cavan uşaqlar oynayırdılar. Əsas heyət oynayan zaman problem olmadı. Hətta qol vurmaq, qələbə qazanmaq şansımız da oldu. Ancaq vacib olan bütün futbolçuları yoxlamaq idi. Çünki vaxtımız azalıb.

- Bu oyunda bir neçə futbolçunu yoxlayırdınız. Nemanya Vidakoviçlə Sergey Artyux özlərini necə göstərdilər?
- Hər iki futbolçu bir müddətdir düşərgəmizdədir. Onların oyunundan razı qaldım və hər iki hücumçu ilə müqavilə imzaladıq. Onlar qarşıdakı bir il ərzində “Rəvan”ın formasını geyinəcəklər.

- Sergey Artyuxun “Turan”la mayadək müqaviləsi var. Tovuz təmsilçisi də onun qalmasında maraqlıdır. Bəs qarşı tərəflə bu məsələni yoluna qoymusunuzmu?
- Müqavilədə belə bir bənd var ki, futbolçu 2-3 ay ərzində maaş almazsa, həmin anlaşmanı poza bilər. Artyux da Tovuzda pulunu ala bilməyib. O, 2-3 ay maaş verilmədiyini görüb komandadan ayrılıb. Artıq “Turan”la bu məsələ həll edilib və Artyux fasilədən sonra “Rəvan”ın formasını geyinə biləcək.

- Bu da faktdır ki, ukraynalı hücumçu “Turan”dan ayrıldıqdan sonra klubsuz qalıb və oyun keçirməyib. Onun hazırkı durumu sizi qane edirmi?
- Artyux yaxşı futbolçudur. O, oynadığı müddətdə hər zaman özünü yaxşı tərəfdən göstərib. Epizod yaradır, çalışır, meydanda işləyir. Açığı Sergey artıq 20 gündür ki, bizimlə məşq edir. O, yanvarın 9-dan klubun düşərgəsindədir. Lakin biz bunu gizli saxlamağa çalışırdıq. Artıq məsələ həll olduğundan açıqlama verdik. Fiziki hazırlığında müəyyən problem var. Hardasa 60-70 faiz hazır olduğunu deyə bilərəm. Amma qarşıda vaxtımız var. Çatdıracağına inanıram.

- Sierra-Leonedən hücumçu gələcəyini demişdiniz. Onun gəlməməsi nə ilə bağlıdır?
- Nə üçün gəlmədiyini dəqiq bilmirəm. Bu işlə klub rəhbərliyi məşğul olurdu. Deyəsən, viza problemi yaranıb. Gördüm ki, vaxt azdır və çempionat başlayacaq, ona görə də başqa variantları nəzərdən keçirdik.

- Reis Klaudianonun hələ də Bakıya gəlməməsinin səbəbi nədir?
- Viza problemi yaranıb. Buna baxmayaraq, onu mütləq cəzalandıracağıq. Klaudiano ilə bir illik müqaviləmiz var. Yaxın günlərdə mütləq qayıtmalıdır.

- Onun “Neftçi”yə keçəcəyi barədə müəyyən söz-söhbətlər dolaşırdı. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu Flavinyodan qaynaqlanmışdı. O, Klaudiano ilə dostdur və onu “Neftçi”yə aparmaq istəyirdi. Bununla bağlı öz klubunun rəhbərliyindən xahiş etmişdi. Onlar da “klubu sərbəst buraxırsa, transfer edərik” demişdi. Biz futbolçu üçün müəyyən xərc çəkmişik, onun tanınmasında işlər görmüşük. Ona görə də kompensasiya istədik. “Neftçi” ona görə pul ödəmək istəmədiyinə görə, keçid alınmadı.

- Komandada hazırda hansı çatışmazlıq var?
- Hücumçu problemi var idi, onu da yoluna qoyduq. Hər şey normaldır. Gündə iki dəfə olmaqla məşq edirik. Səhər fiziki, axşam isə taktiki çalışmalara üstünlük veririk. Salyanda hər cür şərait yaradılıb. Qar yağdığına görə, bəzən məşqlərimizi zalda keçirik.

- Çempionata neçə faiz hazırsınız?
- Hardasa 70-80 faiz. Sevindiric haldır ki, uşaqlar məzuniyyətdən hazır gəlmişdilər. Onlarda artıq çəki yox idi və hiss olunurdu ki, məşq ediblər.

- Amil Ağacanovun transferi nə yerdə qalıb?
- Amil üç gündür bizimlə məşq edir. AZAL rəhbərliyi burda olmadığına görə, transferi hələ baş tutmayıb. Amma onlar qapıçını buraxacaqlarını deyiblər. Bu günlərdə futbolçu transfer vərəqəsini alacaq.

- Növbəti oyununuz nə vaxtdır?
- Fevralın 3-də “Simurq”la yoldaşlıq oyunu keçirəcəyik. Bu matçın harda baş tutacağını hələ bilmirik. Çünki Zaqatalada oynamaqla bağlı razılıq əldə etmişdik. Həmin vaxt biz Mingəçevirdə qalmalı idik. Lakin sonradan plan dəyişdi və Salyanda hazırlaşmalı olduq. Burdan Zaqatalaya getmək bir az uzaqdır. Yanvarın 31-də “Simurq” Türkiyədən gələcək. Danışacağıq, razılaşsalar Bakıda oynayacağıq. Alınmasa, Zaqatalada qarşılaşacağıq.