Zaqrebdən soyuq reportaj
01.02.2012 - 00:03
Zaqrebdən soyuq reportaj
Azərbaycan futzal yığmasının iştirak etdiyi Avropa çempionatının (AÇ) final mərhələsini işıqlandırmaq üçün ezam olunan azərbaycanlı jurnalistlər bu gün Xorvatiyaya yollanıblar. Apasport.az saytının əməkdaşının da yer aldığı nümayəndə heyəti AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun rəhbərliyi altında səfərə çıxdı. Bakıdan Zaqrebə birbaşa hava reysi olmadığından, Xorvatiyaya İstanbuldan yollanmalı olduq. Futzal yığmamızın sabiq baş məşqçisi, hazırda millidə seleksiyaçı kimi çalışan Hacıbala Abdullayev də bizimlə yol yoldaşı oldu.

Onu qeyd edim ki, həm Bakıda, həm də İstanbulda “Türk Hava Yolları” şirkətinin təyyarələri havaya 1 saat gecikmə ilə qalxdı. Özü də Türkiyədə məlum oldu ki, dünən hava şəraiti ilə əlaqədar İstanbul – Zaqreb reysi ləğv olunub və sərnişinlər bir gün gecikmədən sonra bizimlə getdilər.

Millimizin qrup mərhələsində oynadığı Xorvatiya paytaxtında havanın temperaturu - 6 dərəcədir. Ancaq Bakı və İstanbuldan fərqli, burda qardan əsər-əlamət yoxdur. Ancaq bu, rahatçılığa əsas vermir. Belə ki, şaxtalı hava öz sözünü deyir və fevralın 2-də Zaqrebə 1 metr qar yağacağı, temperaturun - 15 dərəcə olacağı ilə bağlı proqnoz verilib.

İstənilən halda, bu, futzalçılarımızı narahat etməməlidir. Axı futboldan fərqli, onlar açıq havada oynamadığından, temperaturun isti-soyuğu yoxdur. Yığmamız gözəl, isti “Zaqreb Arena”da bacarığını göstərəcək.

Zaqrebə düşəndə bizi sabiq FİFA hakimimiz, AFFA-dan futzal üzrə kurator kimi çalışan Asim Xudiyevlə ölkəmizin Xorvatiyada səfirliyinin əməkdaşları Bəxtiyar Musayevlə Heydər Nağıyev qarşıladı. Onlar Xorvatiya, Zaqreblə bağlı bir sıra məlumatları öyrənməyimizdə bizi yardımçı oldular. Məlum oldu ki, ölkəmizin Xorvatiyada səfiri Kamil Xasıyev milli komandamızla görüşmək üçün onun düşərgəsinə baş çəkib, uğurlar arzulayıb.

Səfirlik yığmamıza arenadan dəstək olmaq üçün həmyerlilərimizi biletlə təmin etməyə hazırdır. Sadəcə, Zaqrebdə azərbaycanlıların az yaşamağı güclü dəstəklə təmin olunmağımıza imkan vermir. Millimizi dəstəkləmək fikrində olan AFFA rəhbərliyinin Xorvatiyaya gələcəyi nəzərdə tutulub.

Beləliklə, final mərhələsi son AÇ-nin qalibi İspaniya yığmasının Bakı vaxtilə saat 22:00-də Sloveniya ilə A qrupunun matçı ilə başlayıb. Bundan 2 saat sonra meydan sahibləri Rumıniya ilə oyunla B qrupunda mübarizəyə start verəcək. Son AÇ-də 4-cü yeri tutan millimiz isə İspaniya – Sloveniya matçı bitəndən sonra “Zaqreb Arena”da ilk tur öncəsi son məşqinə çıxacaq. Sabah Bakı vaxtilə saat 00:00-da Portuqaliya ilə çətin sınağımız olacaq.

Mehman SÜLEYMANOV
ZAQREB