Biçərin rəhbərliyi altında ilk məğlubiyyət - YENİLƏNİB
01.02.2012 - 21:19
Biçərin rəhbərliyi altında ilk məğlubiyyət - YENİLƏNİB
Antalyada təlim-məşq toplanışını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran” bu gün növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin rəqibi Rumıniya çempionatında mübarizə aparan “Vointa Sibiu” klubu olub.

2007-ci ilin yayında yaradılan “Vointa Sibiu” ötən mövsümün yekunların əsasən I Liqaya yüksəlib. Çempionatın debütantı keçirdiyi 18 oyundan 17 xal qazanıb (4 qələbə, 5 heç-heçə, 9 məğlubiyyət). Aleksandr Pelissinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bakı vaxtı ilə saat 19:30-da başlayan “Xəzər Lənkəran” - “Vointa Sibiu” qarşılaşması Bələkdəki “Arcadia” otelinin meydançasında baş tutub. Matç lənkəranlıların 2012-ci ildə Antalyada aldığı ilk məğlubiyyətlə yadda qalıb. Kamran Ağayevin əvəzində qapıda duran Kamal Bayramov rəqib zərbələri qarşısında aciz qalıb. Bunun nəticəsində də “Xəzər Lənkəran” 0:4 hesabı ilə məğlub olub. Rumıniyalıların aşkar üstünlüyü ilə keçən oyunda lənkəranlılar ciddi qol imkanı da əldə etməyib. Əvəzində rumıniyalılar daha böyük fərqlə qalib gəlmək imkanını qeyri-dəqiqlik sayəsində əldən verib. Bu qarşılaşmada cənubluların heyətində Adrian Pit də zədələnərək meydanı tərk edib.

Qeyd edək ki, Cüneyt Biçərin komandası hazırlıq dönəmində keçirdiyi ilk üç matçı qələbə ilə başa vurmuşdu. “Ağ-yaşıllar” Türkmənistan millisini 3:1, “Volfsburq II” (Almaniya) və “Atırau” (Qazaxıstan) klublarını isə 2:1 hesabı ilə məğlub etmişdilər. Biçərin rəhbərliyi altında əvvəlki rəsmi və qeyri-rəsmi matçlarda məğlub olmayan Lənkəran təmsilçisi ilk dəfə bu aqibətlə rumıniyalılarla görüşdə üzləşdi.

“Xəzər Lənkəran” - “Vointa Sibiu” – 0:4

“Xəzər Lənkəran” (start heyəti): Kamal Bayramov, Şəhriyar Xəlilov, Elnur Allahverdiyev, Zahid Quliyev, Adrian Pit, Rikardo Qomeş, Rahid Əmirquliyev, Elnur Abdullayev, Tounkara Sadio, Salif Ballo, Antonio Semedo.

Oyun başladı.
1. Topa ilk zərbəni rumıniyalılar endirdi.
11. Matçda ilk ciddi təhlükə rumıniyalılardan gəldi. Kamal Bayramov çətinliklə topu kornerə çıxarıb, hesabın açılmasına mane oldu.
16. Əks-hücum zamanı sol cinahdan edilən asmadan sonra rumıniyalılar hesabı açdılar - 0:1.
22. Hesab arta bilərdi. Lakin rumıniyalılar 6-7 metrdən çərçivəyə düşə bilmədilər.
24. Kamalın Pitə ötürməsini “oğurlayan” rəqib 2-ci qolu vurdu - 0:2.
36. Müdafiəçilərin arxasına ötürməsindən sonra topa yiyələnən rumın futbolçu qapıçını da aldadıb topu tora qovuşdurdu - 0:3.
Qol epizodunda Pit zədələnib meydanı tərk edir. Ona tibbi yardım göstərilərkən, 5 dəqiqə azlıqda qalan lənkəranlıların heyətində Elvin Beciri meydana daxil olur.
39. Mərkəzdə kobud oyuna görə Elnur Allahverdiyevə birbaşa qırmızı vərəqənin göstərilməsi üzündən meydanda gərginlik yaşandı. Qısa sürən qarışıqlıq sonrası hakim 1 rumıniyalı futbolçunu da meydandan qovdu.
45. Komandalar fasiləyə rumınların 3:0-lıq üstünlüyü ilə yollandı. Lənkəran təmsilçisi ilk 45 dəqiqədə hələ çərçivəyə 1 dəqiq zərbə də vurmayıb.

İkinci hissə başladı.

“Xəzər Lənkəran” 2-ci hissəyə bu heyətlə çıxıb
Kamal Bayramov (Orxan Sadıqlı), Eder Bonfim, Elvin Beciri, Şəhriyar Xəlilov, Andrey Mureşan, Rikardo Qomeş, Rahid Əmirquliyev, Elnur Abdullayev, Branimir Subaşiç, Salif Ballo, Antonio Semedo.

55. Rumıniyalılar daha 1 qol vurmağa yaxın oldular. Lakin yaxın məsafədən endirilən zərbə qeyri-dəqiq oldu.
69. Təxminən 25 metrdən vurulan güclü zərbədən sonra rumıniyalılar fərqi 4-ə çatdırdı -0:4.
80. Cənub təmsilçisi oyunda özünün ilk qol imkanını qazandı. Lakin Subaşiçin yaxın məsafədən zərbəsini qapıçı dəf etdi.
Qarşılaşma elə 0:4 hesabı ilə başa çatdı.