Serjao: Biz yenidən yarımfinala kimi irəliləmək istəyirik
01.02.2012 - 15:50
Serjao: Biz yenidən yarımfinala kimi irəliləmək istəyirik
“Fikrimcə, yaxşı komandamız var. Heyətimizdə az dəyişiklər baş verib. Hesab edirəm ki, yenidən qrupdan çıxıb, mükafatlar uğrunda mübarizə apara bilərik”. Bu fikirləri apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan futzal yığmasının oyunçusu Serjao deyib. Milliləşdirilən braziliyalı hücumçu yığmamızda ilk vaxtdan öz sözünü deyir. Onun 2010-cu ildə “Araz”ın UEFA kubokunun bürünc medal qazanmağında və millimizin Macarıstandakı Avropa çempionatının final mərhələsində 4-cü yeri tutmağında böyük əməyi olub.

Serjao Xorvatiyada startı götürən final mərhələsində rəqiblərimizi və qrupdan çıxmaq şansımızı dəyərləndirdi: “İlk oyunda bizə qarşı güclü Portuqaliya yığması oynayacaq. Artıq bu, derbidir. Biz son vaxtlar onlarla görüşmüş və əsas vaxtda uduzmamışıq. Mən nikbin baxıram. Hesab edirəm ki, Portuqaliya ilə oyunda yaxşı nəticə olacaq”.

Millimiz bu gün Portuqaliya yığmasına uduzsa belə, 1/4 finala çıxmaq şansını itirməyəcək. Çünki turnirin reqlamentinə görə, qruplarda ilk 2 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Belə olan halda, çoxları əsas diqqəti fevralın 3-də Serbiya ilə matça yönəldib, qalib gəlməyimizi fikirləşir. Bəs görəsən, yığmamızın üzvü nə düşünür?: “Əslində Portuqaliya və Serbiya yığmasının hər ikisi ciddi rəqibdir. Portuqaliya ilə 40 dəqiqədə qələbə uğrunda mübarizə aparacağıq. Bu rəqibi yaxşı tanıyırıq. Serbləri də təhlil etmişik. Onlar Avropa çempionatında ruslara qalib gəlib. Hamı sürpriz edə bilər. İlk dəfə final mərhələsinə çıxanda, biz sürpriz idik. Heç kim Azərbaycan futzal yığmasının gücünü bilmirdi. Ancaq yavaş-yavaş sözümüzü dedik, qrupdan çıxdıq və yarımfinala kimi irəlilədik. Artıq bu, sürpriz deyildi. Final mərhələsində gərgin mübarizəsiz oyun olmur. Hər bir matç çətin olacaq. Hesab edirəm ki, Serbiya ilə də çox yaxşı matç olacaq”.

Serjao özü ilə birgə yığmamıza gələn, həm orada, “Araz”da, həm indi Ukraynanın “Uraqan” klubunda birgə oynayan həmyerlisi Biro Jadesiz oynamalıdır: “Sözsüz ki, o, yaxşı oyunçudur. Ancaq neyləmək olar, zədə üzündən turnirdə oynaya bilməyəcək. Digər oyunçularımız var və onlar bu şansdan istifadə etməlidirlər. Hazırda oynadığımız Ukraynada çempionat çox güclüdür. Keçən il çempion olduq və bu, bizim üçün sürpriz olmadı. Biz ora gələn kimi çempion olacağımızı demişdik”.

Ucaboylu, yaxşı fiziki göstəricilərə malik hücumçu bombardirlik keyfiyyətləri ilə seçilir. Ancaq Serjaonun sözlərinə görə, özünün qol vurmağından daha çox yığmamızın qələbəsini arzulayır: “Mən həmişə ən yaxşısını istəyirəm. Biz azərbaycanlı oyunçularla daimi söhbətimizdə deyirik ki, yenidən yarımfinalda oynamaq, ora kimi irəliləməm istəyirik. Mən həmişə qol vurmaq, bombardir olmaq istəmişəm. Ancaq əsas qələbədir. Azərbaycan yığması qalib gələndə, artıq bu, mənim üçün yaxşıdır. Mən yığmada çıxışını davam etdirib, dünya çempionatının final mərhələsində oynamaq istəyirəm. Əlbəttə, biz buna nail ola bilərik. Sadəcə, işləmək lazımdır”.

Mehman SÜLEYMANOV
ZAQREB