“Azərbaycan yığması otelə daxil olanda, bir sıra problemlərlə üzləşdi” - MÜSAHİBƏ
01.02.2012 - 17:00
 “Azərbaycan yığması otelə daxil olanda, bir sıra problemlərlə üzləşdi” - MÜSAHİBƏ
AFFA-nın futzal üzrə koordinatoru, sabiq FİFA referimiz Asim Xudiyevin apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına müsahibəsi

- Milli komandamız ardıcıl 2-ci dəfə Avropa çempionatının final mərhələsində iştirak edir. 2010-cu ildə Macarıstanda və hazırda Xorvatiyadakı məsul turnirdə təşkilatçılığın səviyyəsi müqayisə edəndə, hansı qənaətə gəlirsiniz? Bu dəfə diqqətinizi əsas çəkən nədir?
- 2010-cu ildə Azərbaycan yığması ilk dəfə final mərhələsində iştirak edirdi. Həmin vaxt Macarıstan Futbol Federasiyası ilə UEFA-nın bütün təşkilatı işləri yüksək səviyyədə gördüyünün şahidi olduq və hiss etdik. Bu ilki final mərhələsi Xorvatiyada keçirilir və Azərbaycan yığma komandası yanvarın 29-da bura gəlib. Biz Zaqrebdə “Vestel” otelində yerləşmişik. Demək istərdim ki, keçən dəfəki Avropa çempionatı ilə müqayisədə, təşkilatı məsələlərin yüksək səviyyədə olmağı planlaşdırılmışdı və həyata keçirilir. Sadəcə, bir neçə xırda, qısa müddətli problemlər olmuşdu. Yəni Azərbaycan yığması otelə daxil olanda, bir sıra problemlərlə üzləşmişdi. Belə ki, yerli təşkilatçılar, Xorvatiya Futbol Federasiyası şərt qayda qoymuşdu. Bu da ondan ibarətdir ki, milli assosiasiyalar milli komandanı otelə daxil etməkdən ötəri maliyyə vəsaitini əvvəlcədən təmin etməli idi. Söhbət maliyyə vəsaiti zəmanətinin həll etməyimizdən gedir. Biz də bunu bilirdik və həmin məsələni AFFA tərəfindən təmin etdik. Ancaq onlar hətta 1 saat içində bizi otelə yerləşdirmirdilər. Kimlərlə isə, ya UEFA-nın nümayəndələri, ya da yerli federasiya ilə əlaqə saxlayandan sonra bizi otaqlarla təmin etdilər. Hal-hazırda nəqliyyatla bağlı az da problemlər yaşanır. Oyunçuların oteldə olmağı və oradan məşq etmək zallarına getmək üçün bizi avtobusla təmin etsələr də, onların gəlmək-getmək vaxtları çox ləngiyir. Mən hesab edirəm ki, onlar bundan sonra onlar bu məsələni həll edəcəklər. Çünki biz yerli təşkilat komitəsinə və UEFA-ya öz iradlarımızı bildirdik. Onlar söz verdilər ki, bu gündən etibarən bu məsələni həll edəcəklər.

- Bəs başqa hansı problemlə üzləşmisiniz?
- Mən buna problem demək istəməzdim. Sadəcə, su təchizatı ilə bağlı gecikmə olur. Bizi restoranda olan su təchizatı ilə təmin etmədilər.

- Niyə?
- Çünki yerli təşkilatçılar tərəfindən bütün milli komandalar üçün belə bir qayda qoyulmuşdu ki, otelin restoranında heç bir milli assosiasiyaları adi mineral su ilə təmin etmirlər.

- Bunu nə ilə əsaslandırırlar?
- Onunla əsaslandırılar ki, onlar hər bir assosiasiyaya bir otaq ayırıblar və orada müxtəlif sularla təmin ediblər. Yəni oyunçuları asudə vaxtlarla, hətta məşqlərdə o sudan istifadə bilərlər və biz də bunu edirik. Diqqətimizə çatdırdılar ki, biz həmin suları restorana aparıb, orada da istifadə etməliyik.

- Sizcə, xorvatların təşkilatçılıqla bağlı bu özəllikləri nədən irəli gəlir? Məgər Avropa çempionatının final mərhələsində belə şeylər olur?
- Yox, olmur. Biz ilk dəfədir belə problemlə üzləşdik. Hətta biz ilk gün gələndə - yanvarın 29-da günorta bizi su ilə təmin etmədilər. Tək biz yox, Ukrayna, Serbiya milli komandası da öz iradlarını bildirdi. Hətta bir neçə saat sonra komandaların rəhbərlərinin iclasında öz iradlarımızı söylədik. Bundan sonra onlar həmin otaqlara suları daha çox əlavə etdilər. İndi də biz həmin suları otaqdan götürüb, aparım günorta və axşam yeməyində istifadə edirik. Bax, belə bir anlaşılmazlıqlar yaranır.

- Bəlkə əsas məsələ Xorvatiyanın ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatında nəticədən narazı qalmağındadır. Yəni onlar Ukrayna ilə matçımızın nəticəsinin danışılmağı bağlı söhbət ortaya atmışdılar. Bundan sonra indi Xorvatiyada Azərbaycana qarşı fərqli münasibəti hiss edirsinizmi?
- Dediyim problemlərlə tək biz yox, başqa komandalar da qarşılaşıb. İstər biz, istərsə də Ukrayna bu çətinlikləri gördü və öz iradlarını UEFA nümayəndələrinə bildirdi. Hətta Ukrayna yığmasının baş məşqçisi Gennadi Lisençuk Bakıdakı turnirdə təşkilatçılığın yaxşı səviyyədə olduğunu, belə problemlərlə üzləşmədiklərini qeyd edib.

- Şəxsən mən hesab edirəm ki, bu çətinlikləri bilən UEFA gələcəkdə xorvatlara belə yarışlara keçirməyi həvalə etməyəcək. Yəni təşkilatçılar özləri öz şanslarını xeyli azaldırlar. Çünki final mərhələsində komfort yoxdur...
- Bəli, komfort o qədər də yoxdur. Biz Macarıstanın paytaxtı Budapeştdə olanda, oyunçular və nümayəndələr üçün komfort daha yüksək səviyyədə idi. Həmin vaxt işlər daha rahat şəkildə həyata keçirdi. Ancaq belə bir düzgün olmayan problemlərlə ilk dəfə üzləşdik. Belə problemlər hər bir oyunçumuza, nümayəndəmizə təsir edir. Çünki düzgün olmayan şeydir ki, biz otaqlardan suları götürüb, oyunçuları günorta və axşam yeməklərində təmin etməliyik. Özünüz də gördünüz ki, turnirin ilk oyununda – İspaniya – Sloveniya matçında təşkilatçılar, yəni Xorvatiya Futbol Federasiyası tərəfindən tablonun düzgün işləməməyi baş verdi. Buna görə oyun 2-ci hissədə 3 dəfə dayanmışdı. Belə desək ki, onu düzgün şəkildə yoxlayıb, istifadə eləməyiblər. Halbuki saniyəölçən futzalda çox vacib amildir və hər saniyənin böyük qiyməti var. Mən hesab edirəm ki, hər halda, biz belə çətinliklərə öyrəşmişik. Bunları özümüz tərəfindən aradan qaldırmağa çalışırıq. Gördüyünüz kimi, hazırlıq gedir. Biz buradakı zalda və “Zaqreb Arena”da məşq etmişik. Bu, gündə 2 dəfə - səhər axşam olur. Yığmamız Portuqaliya ilə oyun öncəsi sonuncu məşqini keçirdi və oyun saatını gözləyirik. Oyun günü məşq yox, nəzəri, taktiki məşğələ olacaq. Hesab edirəm ki, oyunçular buna daha çox diqqət yetirməlidirlər və bunu edəcəklər. Rəqiblərin oyunları olan disklər və baş məşqçimiz bundan istifadə edəcək.

- Milli komandamızdan real olaraq nə gözləyirsiniz?
- Real nəsə söz demək çox çətindir. Portuqaliya yığması çox güclü rəqibdir. Oyunçular da anlayırlar ki, ilk matçı çox güclü, son Avropa çempionatının gümüş medalını qazanan komandaya qarşı keçirirlər. Mən əminəm ki, hər bir oyunçu bu matçın çətin olmağını anlayır və buna yaxşı hazırlaşacaq.

- Yəqin ki, siz də qrupdan çıxmağımız baxımından fevralın 3-də Serbiya ilə matçın həlledici olacağı ilə razılaşırsınız. Həmin matçın nəticəsi birbaşa 14 finala vəsiqəni müəyyənləşdirəcək...
- Mən hesab edirəm ki, biz hər bir oyuna ciddi hazırlaşmalıyıq. Çünki istər Portuqaliya, istərsə də Serbiya yığması ilə matç çox çətin keçəcək. Onu nəzərə alaq ki, biz Portuqaliya millisi ilə 2 dəfə görüşmüşük və hər ikisində heç-heçə əldə etmişik. Onların mətbuatda, saytlarda Azərbaycanla oyun haqda fikirlərini oxumuşam. Yəni onlar milli komandamızdan çəkinirlər.

- Bu da oyunçularımızda məsuliyyəti artırmalıdır...
- Bu, məsuliyyəti çox artırır. Hesab edirəm ki, bizim Futzal Federasiyasının rəhbərliyi, AFFA-nın məsul nümayəndələri matçdan əvvəl oyunçularımızla söhbətləşərək, onları çətin matça kökləyəcəklər.

- Təcrübəli, beynəlxalq dərəcəli referi kimi bu turnirdə hakimlikdən nə gözləyirsiniz? Bu, oyunların nəticələrinə öz böyük təsirini göstərə bilərmi?
- Mən əsas ilk oyunu göstərmək istəyirəm. İspaniya – Sloveniya matçında hakimlərin bir neçə epizodda meydan sahiblərinə simpatiyasını hiss etdim. Bu, oyunun əvvəlində qayda pozuntuları ilə bağlı idi. Mən qeyd etmək istəyirəm ki, keçən Avropa çempionatına nisbətən hakimlərin sayı eyni qalıb. Sadəcə, yeni hakimlər peyda olub. Yəni təcrübəlilərlə yanaşı, bu dəfə gənc hakimlər də final mərhələsində idarəçilik edir. Hakimlər tərəfindən səhvlər də var. Bunun nə dərəcədə olmağını oyunların yekun nəticəsində biləcəyik.

- Qrup oyunlarımızda rusiyalı və polşalı hakimlər təyin olunub. Bunlardan rusiyalı İvan Şabanov həm Portuqaliya, həm də Serbiya ilə oyunumuzda idarəçilik edəcək...
- O, ötən Avropa çempionatının final mərhələsində də oyunumuzda təyinat almışdı. Onda 14 finalda Ukrayna ilə matçımızda idarəçilik edirdi. Şaranovun Azərbaycan yığmasına qarşı münasibəti yaxşı deyildi. Hətta sona 10 saniyə qalmış heç nədən bizə cərimə verdi. Bu, 6-cı olduğundan, qapımıza 10 metrlik cərimə zərbəsi təyin etdi. Yaxşı ki, Ukrayna bundan istifadə edə bilmədi. Şaranovun indi idarəçiliyinin necə olacağı haqda heç nə deyə bilmərəm. Bunu Portuqaliya ilə matç göstərəcək. Söhbət nəinki azərbaycanlılara qarşı,oyuna münasibətdən gedir.

- Şaranovun təyinatı ilə bağlı UEFA-ya etiraz etmək fikriniz olub?
- Yox. Bizim etiraz etmək ixtiyarımız yoxdur. Çünki hakimlərə UEFA təyinat verərək, onların hansı oyunda idarə edəcəyini təsdiq edir. Ancaq sözsüz ki, Şaranov yenə bizim əleyhimizə səhv etsə, əvvəlki idarəçiliyi ilə əsaslandıra bilərik.

Mehman SÜLEYMANOV
ZAQREB