“Rəvan” nokdaun vəziyyətində
02.02.2012 - 00:05
 “Rəvan” nokdaun vəziyyətində
“Çox təəssüf ki, Amil Ağacanovun komandamıza keçidi alınmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Bir neçə gün öncə 2 hücumçu ilə anlaşan paytaxt təmsilçisi qapıçı problemini də yoluna qoymağa hazırlaşırdı. Belə ki, mövsümün əvvəlində Artur Kotenko ilə anlaşan debütant sonradan estoniyalı qapıçıdan imtina etdi. Çünki ölkəsinin yığmasına da çağırılan Kotenko ilk turlarda buraxdığı səhvlərlə yadda qaldı. O, 4 oyunda qapısından 6 top buraxdı. Xüsusilə, mövsümün ilk turunda Gəncədə keçirilən qarşılaşmada onun səhvləri “Rəvan”ın 2:3 hesablı məğlubiyyətinə səbəb olmuşdu.

Qış fasiləsində isə klub rəhbərliyi Davud Kəriminin xidmətindən imtina edib. Yeganı qapıçı olan İvan Vasilyev isə təcrübəsiz olduğundan, baş məşqçi yeni qapıçı axtarırdı. Əslində, debütant yayda AZAL-a üz tutan Amil Ağacanovla bu boşluğu doldurmağa yaxın idi. Son anda “təyyarəçilər” qapıçını buraxmaq istəməyib: “Amil 3-4 gün bizimlə məşq etdi. O, klub rəhbərliyi ilə danışdığını, hər şeyin qaydasına düşəcəyini deyirdi. Sonradan məlum oldu ki, AZAL onu buraxmaq fikrində deyil”.

Baş məşqçi artıq başqa qapıçılarla danışıqlar apardıqlarını da qeyd edib: “İndi başqa qapıçılarla danışırıq. Onlar özləri bizim klubda oynamaqda maraqlı idilər. Ancaq Ağacanovun keçidinin rəsmiləşəcəyinə inandığımızdan imtina etmişdik. İndi özümüz onları arayırıq. Bilirəm, vaxtımız az qalıb. Yaxın günlərdə məsələ konkretləşməlidir. Transfer edəcəyimiz qapıçı yerli olacaq”.