Qurbanov yeni futbolçuları təriflədi
02.02.2012 - 00:12
Qurbanov yeni futbolçuları təriflədi
“Normal hazırlıq keçdik. Həm yaxşı məşq etdik, həm də güclü rəqiblərlə yoldaşlıq oyununda gücümüzü sınadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

Qış fasiləsində təlim-məşq toplanışı keçirmək üçün Antalyaya yollanan “Sumqayıt” artıq vətənə dönüb. Premyer Liqa təmsilçisi hazırlıq müddətində 3 yoldaşlıq matçı keçirib. Əvvəlcə Qazaxıstan “Jetusi”si ilə qarşılaşan Bernhard Raabın yetirmələri 2:0 hesabı ilə qələbə qazanıb. Amma alman mütəxəssis həmyerliləri ilə dueldən məğlub ayrılıb.

Belə ki, “Paterborn”lə görüşdə qapısından 4 cavabsız top buraxan Sumqayıt klubu sonuncu sınağını “Fakel”lə dueldə verib. Rusiya təmsilçisi də klubumuzdan güclü olub - 1:0. Təcrübəli futbolçu bu cür oyunlarda nəticənin önəm kəsb etmədiyini deyib: “Güclü komandalarla qarşılaşdıq. Toplanış zamanı keçirilən oyunlarda nəticə vacib deyil. Əsas olan komandanın öz oyununu tapması, yeni futbolçuların heyətə uyğunlaşmasıdır. Həm də fiziki məşqlərdən sonra oyun keçirmək olduqca çətindir”.

Ölkənin ən titullu futbolçusu olan Qurbanov bu toplanışın faydasını çempionat oyunları zamanı görəcəklərini vurğulayıb: “Mövsümün əvvəli ilə müqayisədə indi inkişaf var. Həm oyun baxımından, həm də komandanın ümumi hazırlığı baxımından bu fikri söyləmək olar. Sevindirici haldır ki, toplanışı zədəsiz başa vurduq”.

Qış fasiləsi zamanı heyətə cəlb edilən oyunçular haqda da danışan təcrübəli futbolçu onların komandaya faydalı olacağına inanır: “Yeni futbolçular uyğunlaşmağa çalışırlar. Ümumi götürdükdə, pis təsir bağışlamadılar. Komandaya kömək edə biləcəklərinə inanıram. Çünki perspektivli və bacarıqlı uşaqlardır”.