Böyükağa Hacıyevin ürəyi yandı: Mənə bir siqaret verin!
02.02.2012 - 00:01
Böyükağa Hacıyevin ürəyi yandı: Mənə bir siqaret verin!
“Maraqlı görüş alındı. Topa daha çox nəzarət edərək, istədiyimiz oyunu göstərə bildik”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Ağ-qaralar” Antalyada Əhməd Kadırovun xatirə turnirinin III turunda Özbəkistanın “Paxtakor” komandasını məğlub etdi. Amma 3:0 hesablı qələbəyə baxmayaraq, təmsilçimiz qrupda qaldı. Halbuki, “Zəif” ləqəbli məşqçi 2 gün öncə mətbuata finala çıxacaqları barədə iddialı açıqlama vermişdi.

Deyəsən, arzusu ürəyində qaldığından Hacıyev oyun başa çatanca, öncə jurnalistlərə yaxınlaşdı. Media nümayəndələrinə əl açaraq, “mənə bir siqaret verin” deyən Hacıyev, bu turnirin komandası üçün təcrübə toplaması baxımından əhəmiyyətli olduğunu söyləyib: “Yaddan çıxarmaq olmaz ki, bu günkü rəqibimiz "Metallist"i məğlub etmişdi. Daha yaxşı olardı ki, qrupun son matçını elə Ukrayna təmsilçisi ilə oynayardıq. Belədə nəticə də fərqli ola bilərdi. Qarşılaşmanın gedişində gənc futbolçuları meydana buraxdım. Bu turnir onların təcrübə toplaması baxımından çox əhəmiyyətlidir”.