“Artıq 45 yaşı var, ona çətindir”
02.02.2012 - 02:11
“Artıq 45 yaşı var, ona çətindir”
“Güclü Portuqaliya yığmasına qarşı oynadıq. Ancaq qol imkanlarını reallaşdıra bilmədik. Rəqib güclüdür və bundan istifadə etdi”. Bunu apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio Da Silva deyib.

Xorvatiyada keçirilən final mərhələsinə Portuqaliya yığmasına 1:4 hesablı məğlubiyyətlə başlayan millimizin çalışdırıcının fikrincə, nəticəyə təsir göstərən əsas amil qol imkanlarından yararlanmamağımız oldu: “Rəqib son Avropa çempionatının gümüş mükafatçısıdır. Hamı bu komandanın güclü olduğunu bilir. Ancaq Portuqaliya qarşı yaxşı oynadığımızı düşünürəm. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Portuqaliya isə bundan yaxşı istifadə etdi. Əsas problemimiz oyunçu azlığıdır. Bu gün 8 nəfərlə oynadıq. Çox oyunçum olanda, daha yaxşı oynaya bilərik. Ancaq az oyunçu olanda, meydandakılarda yorğunluq yaranır. Rəqib isə topla daha yaxşı davrandığından, az oyunçu ilə ona qarşı oynamaq daha çətindir”

Braziliyalı çalışdırıcı qapıçı Andrey Tveryankini buraxılan qollara görə günahlandırmadı. O, liderlərimizdən olan Serjaoya görə üzüldü: “O, qol vurmaq istəyirdi. Ancaq bunu edə bilmədi, topla çox təchiz olunmurdu. Andrey çox yaxşı qapıçıdır. O, yığmaya indiyədək çox kömək edib, Artıq 45 yaşı var, 20 gündür bizimlə çalışır, ona çətindir. Başqa variantımız yoxdur. Bur qolda topa ona, digərində Felipeyə dəyib, qapımızdan keçdi. Deməzdim ki, bu, birbaşa onların səhvləri idi”.

Mehman SÜLEYMANOV
ZAQREB