“Neftçi” Kakanın səhvinin əziyyətini çəkib
02.02.2012 - 14:00
“Neftçi” Kakanın səhvinin əziyyətini çəkib
“Biz “Arazı”a keçən il də qalib gəlməli idik. Ancaq baş məşqçimiz Kakanın cüzi səhvindən uduzaraq, çempion ola bilmədik”. Bu fikirləri apasport.az saytının Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında “Neftçi İSM” futzal klubunun koordinatoru Hacıbala Abdullayev deyib. Paytaxt təmsilçisinin son illərdə dəyişməz çempionumuz olan “Araz”ın hegemonluğuna cari mövsümdə son qoyacağı gözlənilir. Belə ki, hələ çempion olmayan “Neftçi İSM” qış fasiləsinə məğlubiyyətsiz yollanıb, ilk dövrədə məğlub etdiyi Naxçıvan təmsilçisini 3 xal qabaqlayır.

Maraqlıdır, bir sıra aparıcı oyunçularını itirən “Araz” zəifləyib, yoxsa “Neftçi İSM” güclənib? “Araz” zəif deyil. “Neftçi” artıq 4-cü ildir yaranıb və hər il də çempion olmaq istəyirik. Mən baş məşqçi işlədiyim vaxtda o qədər çempion olmuşam ki...Çempionluq mənim üçün elə-belə şey deyil. Mən 2-ci yeri tutmağı sevmirəm”.

Abdullayev vaxtilə çalışdırdığı milli komandamızla hazırda Xorvatiyada Avropa çempionatının final mərhələsində iştirak edir. Yığmamızda seleksiyaçı işləyən təcrübəli mütəxəssis səfərindən klubu üçün də yararlanmaq fikrindədir: “Bura həm seleksiyaçı kimi gəlmişəm, həm də bu turnirlərin inkişafının necə olduğunu görmək istəyirəm. Bunun üçün komandalara baxacağam. Çempionatda qış fasiləsinə lider kimi yollanmışıq. Sabah ola bilər ki, çempion olduq, UEFA kubokunda oynadıq. Bizə düşən klubun oyunçuları öz yığmalarının heyətində bu turnirdə iştirak edə bilər. Hər halda, güclü klubun oyunçularının 70-80 faizi yığmada çıxış edir”.

Mehman SÜLEYMANOV
ZAQREB