“Fənərbağça”dan 45 milyon avroluq təzminat iddiası
02.02.2012 - 14:54
“Fənərbağça”dan 45 milyon avroluq təzminat iddiası
“Fənərbağça” klubunun rəhbərliyi Türkiyə Futbol Federasiyasına (TFF) və İdman Məsələlərinə dair Arbitraj Məhkəməsinə qarşı 45 milyon avroluq təzminat iddiası qaldırıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, buna klubun Çempionlar Liqasından kənarlaşdırılması səbəb olub.

Məhkəməni udsa, kluba dəyən zərər 9 faiz artıqlaması ilə ödənilə bilər. Çempionluq əldə etdiyi 2010-2011-ci il mövsümündə “Fənərbağça Sportif AŞ”nin səhmlərinin dəyəri 100 TL-yə qədər yüksəlib. Danışılmış oyunlarla əlaqədar cinayət işinin açıldığı iyulun 5-də bu rəqəm 70 TL-yə enib. Çempionlar Liqasından xaric edilənədək səhm 50 TL-yə qədər geriləyib. Hazırda isə bir səhm 40 TL-yə satılır. Hazırda “Fənərbağça Sportif AŞ”nin səhmlərinin ümumi dəyəri 600 milyon dollar (1 milyard TL) civarındadır. Halbuki bu məbləğ Çempionlar Liqasından xaric edilənədək 720 milyon dollar, iyulun 5-dək 1 milyard dollar olub.

Qeyd edək ki, “Fənərbağça Sportif”in səhmlərinin 15 faizi xalqa açıqdır. Yəni, hazırda səhmdarların klubda 85 milyon dolları var. Bu məbləğ də yarıbayarı azalıb.