Müğənni Zamiq klublarımızdan üz döndərib – MÜSAHİBƏ
04.02.2012 - 00:01
Müğənni Zamiq klublarımızdan üz döndərib – MÜSAHİBƏ
Müğənni Zamiq Hüseynovun apasport.az saytına müsahibəsi

- Müğənni Zamiqin futbolla arası necədir?
- Futbol hamının sevimli oyunudur. Eləcə də, mənim. Futbol həyatımda önəmli yerlərdən birini tutur. Həm oynamağı, həm də maraqlı matçları izləməyi çox sevirəm. Düzdür, son vaxtlar ölkəmizdə futbolun inkişafı istiqamətində işlər görülür. Amma bununla kifayətlənmək olmaz. Güclülər arasında yer almağımızı, klublarımızın Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində iştirak etməsini arzulayıram. Hər zaman futbolçularımızı dəstəkləmişəm, dəstəkləyəcəyəm də. Onları çox sevirəm. Bu istək, bu sevgi sonda futbola aid mahnı oxumağına gətirib çıxardı. İdmanla bağlı bütün tədbirlərdə mahnı oxuyuram. Həmin mahnı hardasa futbolçular arasında himnə çevrilib. Gələcəkdə layiq olduğumuz yerlərdə olacağımıza inanıram. Bu tək mənim yox, futbolu sevən hər bir vətəndaşımızın istəyidir. Futbola sevgim hədsizdir. Musiqini sevdiyim qədər futbolu da sevirəm.

- Stadionlara necə, gedirsinizmi?
- Bəli, xüsusilə də yığmanın oyunlarını izləmək üçün mütləq stadiona gedirəm. Məsələn, Almaniya və Türkiyə ilə Bakıdakı oyunları birbaşa stadiondan izləmişəm və komandamız yaxşı oyun nümayiş etdirib.

- Bəs klublarımızı dəstəkləmək üçün arenalara getmirsiz?
- Açığı, klublarımızın oyunlarına getmirəm.

- Niyə, dəstəklədiyiniz klub yoxdur?
- Hamısına dəstək oluram. Çünki hər bir klubumuzda sevdiyimiz futbolçular, dostlar, tanışlar çıxış edir. Ancaq konkret hansısa kluba azarkeşlik etdiyimi deyə bilmərəm. Hansı Çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsinə birinci vəsiqə qazansa, həmin klubun fanatı olacam.

- Futbolçulardan kimlərlə münasibətiniz var?
- Bu yaxınlarda “Neftçi”nin üzvü Cavid Hüseynovun toyunda oxudum. Həmin komandada Ruslan Abışovla tanışlığımız var. İstəmirəm bir-bir ad açıqlayım. Amma futbolçuların əksəriyyəti ilə tanışlığımız var.

- Yerli klublara azarkeşlik etmədiyinizi dediniz. Bəs əcnəbi klublardan necə, fanatı olduğunuz varmı?
- Madrid “Real”ının azarkeşiyəm. Hətta bu komandanın oyununu stadionda izləmişəm. “Barselona”nın stadionunda da olmuşam. Düzdür, bu gün dünyada ən yaxşı oyun nümayiş etdirən klub “Barselona”dır. Amma mənim üçün ən yaxşı “Real”dır. Bu komanda istənilən an nə isə edə bilər.

- Artıq futbolla bağlı mahnı oxumusunuz. Gələcəkdə bu idman oyunu ilə bağlı yeni layihələriniz varmı?
- İlk işim bu mahnıya klip çəkdirməkdir. Gələcəkdə hansısa klubumuz avrokuboklarda yüksək nailiyyət əldə edərsə, özümə borc bilərəm ki, gəlim stadiondan həmin komandanı dəstəkləyim, mahnımı orada canlı ifa edim. Amma yığma ilə bağlı layihəm var. Təbii ki, bunu reallaşması üçün dəstək də lazımdır.

- Layihə barədə məlumat verə bilərsinizmi?
- Yəni istərdim ki, uşaq futbol məktəbindən başlayıb, ən yüksən pilləyə qədər yüksələn futbolçunun həyatını canlandıraq, film çəkək.

- 17 yaşlı qızlar arasında dünya çempionatı bu il Azərbaycanda keçiriləcək. Yəqin bundan xəbərdarsınız?
- Bəli, məlumatım var. Buna qədər Amerika və Asiya qitələrində baş tutmuşdu. Bu, ölkəmiz, futbolumuz üçün böyük layihədir. İlk dəfə ölkəmizdə futbol üzrə dünya çempionatı həyəcanını yaşayacağıq. Həm də ölkə başçısı cənab İlham Əliyev 2012-ci ili idman ili elan edib. Təkcə futbol üzrə yox, digər idman növlərində də mötəbər yarışlara ev sahibliyi edəcəyik. Təbii ki, bütün sahələrdə öndə olmalıyıq. Qızlar arasında dünya çempionatının ölkəmizdə keçirilməsi yenə qeyd edirəm ki, mühüm bir hadisədir. Bir azərbaycanlı kimi, komandamıza dəstək olacağıq. Əslində, futbolla bağlı oxuduğum mahnı yenidir. Onu dünya çempionatı zamanı da ifa etmək mümkündür.

Süleyman TAHİROV