Con Terri yenidən yığmanın kapitan sarğısından məhrum edildi
04.02.2012 - 12:27
Con Terri yenidən yığmanın kapitan sarğısından məhrum edildi
“Çelsi” klubunun futbolçusu Con Terri İngiltərə milli komandasında kapitan sarğısından məhrum edilib. Lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) başçısı Devid Bernstayn qərar qəbul edib.

Rəsmi açıqlama hələ verilməsə də, Terrinin irqçilik ittihamları ilə əlaqədar kapitanlığını itirdiyi bildirilir. Bernstayn qərar çıxarmamışdan öncə FA direktorlar şurası ilə məsləhətləşib. 31 yaşlı müdafiəçi “Kuins Parks Reyncers”lə qarşılaşmada rəqib futbolçu Anton Ferdinandı irqçi ifadələrlə təhqir edib. 23 oktyabr 2011-ci ildə keçirilmiş həmin oyun “Çelsi”nin qələbəsi ilə nəticələnib – 1:0.

Fevralın 1-də məhkəməyə çağırılan Terriyə rasizm ittihamı irəli sürülüb. Onun işinə 2012-ci il Avropa çempionatından sonra – iyulun 9-da baxılacaq. Futbolçunun bu davranışının milliyə də təsir edə biləcəyi barədə fikirlər irəli sürüldüyündən, FA rəhbəri onu kapitanlıq sarğısından məhrum edib.

Qeyd edək ki, Con Terri ikinci dəfə kapitan sarğısını itirib. İlk dəfə bu, 2010-cu ildə Terrinin İngiltərə millisinin digər oyunçusu Ueyn Bricin rəfiqəsi ilə eşq macərası yaşadığı barədə mətbuata yazılanlardan sonra baş verib. Lakin 2011-ci ildə sarğı ona qaytarılıb.