Elnur Məmmədov dünya çempionatının püşkatmasına qatılacaq
06.02.2012 - 21:05
Elnur Məmmədov dünya çempionatının püşkatmasına qatılacaq
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkatmasında azərbaycanlı nümayəndə də iştirak edəcək. AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev apasport.az saytına açıqlamasında bildirib ki, Xorvatiyada keçiriləcək tədbirdə assosiasiyanın Futbol Akademiyasının baş meneceri Elnur Məmmədovun ölkəmizi təmsil edəcək.

Xudiyev məhz bu rəsmi şəxsin iştirakını təsadüfi olmadığını bildirib: “Fevralın 11-də Zaqrebdə “Şeraton” otelində keçiriləcək püşkatma Avropa vaxtilə saat 11:30-da başlayacaq. Orada ölkəmizdən iştirak edəcək Elnur Məmmədov eyni zamanda UEFA-nın Futzal Komitəsinin nümayəndəsidir. Həmin qurumun isə fevralın 10-da Zaqrebdə yığıncağı keçiriləcək. Ona görə də biz Məmmədova həvalə etmişik ki, yığıncağın ertəsi püşkatmada Azərbaycanı təmsil eləsin”.

Məlum olduğu kimi, milli komandamız ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsində qrupda 2-ci yeri tutmaqla, pley-offa vəsiqə qazandı. Bu isə o deməkdir ki, bizə qrup qaliblərindən biri düşəcək. Xudiyev dünya çempionatına final mərhələsinə vəsiqə qazanmağın asan olmayacağını bildirib: “Potensial rəqiblərimiz güclü yox, çox güclüdür. İspaniya, Portuqaliya, Rusiya, İtaliya kimi yığmalar millimizə rəqib ola bilər. Biz yeganə olaraq Çexiya və Serbiya yığmalarından birini görmək istərdik. İlk oyunumuz martın 27-də evdə olacaq və bu komandalardan biri bizə düşsə, dünya çempionatına final mərhələsinə yollanmaq şansımız daha çox olar”.

Mehman SÜLEYMANOV