“Mirça Rednikin dövründə “Xəzər Lənkəran”da ab-hava pozulmuşdu”
06.02.2012 - 18:49
“Mirça Rednikin dövründə “Xəzər Lənkəran”da ab-hava pozulmuşdu”
“Türkiyədəki təlim-məşq toplantımız yaxşı keçdi. Hazırlıq prosesi müddətində kollektiv daxilində normal ab-hava var idi”. Bunu Lent.az-a açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç deyib. Komandada özünü yaxşı hiss etdiyini deyən 30 yaşlı hücumçu kollektiv üzvlərinin yüksək əhval-ruhiyyədə olduqlarını bildirib. Serb əsilli milliləşdirilmiş oyunçu hazırkı baş məşqçi Cüneyt Biçəri yaxşı mütəxəssis kimi dəyərləndirib. Subaşiçin fikrincə, türkiyəli mütəxəssis həm yaxşı futbolçulardan, həm də yaxşı insanlardan ibarət kollektiv formalaşdırıb.


Mövsümün ötən ilə təsadüf edən bölümündə “Xəzər Lənkəran” 18 oyuna 27 qol vurub. Bunlardan 7-si son 2 turda Biçərin rəhbərliyi dövründə qeydə alınıb. Hər 2 qarşılaşmada Subaşiç penaltidən fərqlənib. Əvvəllər isə o, Lənkəran komandasına qoşulduğu 3-cü turda “Turan”la matçda “dubl” edib. 30 yaşlı forvard deyib ki, çıxışındakı qeyri-sabitliyin nədən qaynaqlandığını özü də bilmir: “Ola bilsin, əvvəlki baş məşqçimiz Mirça Rednik tez-tez heyəti dəyişirdi. Ona görə də bir-birimizlə anlaşmaqda çətinlik çəkirdik. Deməzdim ki, bu, oyunçuların keyfiyyətsizliyi ilə əlaqədar idi. Normal futbolçularımız var. Sadəcə, qarşılıqlı anlaşma yox idi, atmosfer pozulmuşdu. Amma indi hər şey əladır”.


Amma Mirça Rednik baş məşqçi qismində ötən mövsüm də “Xəzər Lənkəran”a ölkə kubokunu və çempionatın gümüş medallarını qazandırıb. Görəsən, bu mövsüm nə baş verib ki, kollektiv daxilində ab-hava pozulub: “Açığı, bilmirəm. Mən “Xəzər Lənkəran”a 3-cü turda qatılmışam. Ona görə də ötən mövsüm baş verənlərdən xəbərsizəm. Kollektivdaxili ab-havanın nəyə əsasən aşağı olduğunu bilsəydim, hamısını sizə deyərdim. Sadəcə, nə isə yolunda deyildi”.


Bu mövsüm “Xəzər Lənkəran”da qapıçı Kamran Ağayevlə bağlı problem yaşandı. Hətta Ağayev kapitan sarğısından da məhrum edildi. Bunu qolkiperlə baş məşqçi Mirça Rednik arasında problemin yaranması ilə əlaqələndirdilər. Subaşiç isə kollektiv daxilində futbolçunun baş məşqçiyə kobud cavab qaytarma halının yaşanmadığını iddia edib: “Xeyr. Belə hal olmayıb. Düzdür, hərdən xırda mübahisələr olurdu. Amma bunlar kollektivdaxili ab-havaya heç bir təsir göstərə bilməzdi. Sadəcə, əvvəllər ab-hava indiki kimi deyildi. İndi daha yaxşıdır. Əvvəlki atmosferin indikindən aşağı olmasının oyunçulardan və ya baş məşqçilərdən qaynaqlandığını deyə bilmərəm. Bunu Kamran Ağayevlə də əlaqələndirməzdim. Bizim qapıçı normal insandır. Düzdür, “Bakı” ilə 2:2 hesablı heç-heçədən sonra hamı ona təzyiq göstərməyə başlamışdı. Amma Kamranla bağlı problem yox idi. O, yaxşı oğlandır”.


Qeyd edək ki, Mirça Rednik XV turda “İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra “Xəzər Lənkəran”ın baş məşqçi postu ilə vidalaşıb.