“Zəif” ləqəbli məşqçidən iddialı açıqlamalar
07.02.2012 - 00:02
“Zəif” ləqəbli məşqçidən iddialı açıqlamalar
“Neftçi” Türkiyədə uzun müddətli təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıtdı. Antalyada Çeçenistan Respublikasının sabiq prezidenti Əhməd Kadırovun xatirə turnirində III yeri tutan “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev “Atatürk” Hava Limanında apasport.az saytının əməkdaşının suallarını cavablandırdı. Hərçənd, az öncə israrla saytımıza müsahibə verməyəcəyini söyləyən “Zəif” ləqəbli mütəxəssis sözünün üstündə durmağı bacarmadı. Deyəsən, peşman olduğunu hiss edən Hacıyev öncə toplanış barədə danışdı.

- Komandamız yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında oldu. Bu müddətdə gərgin məşqlər keçdik. “Neftçi” yanvarın 28-də startı verilən Əhməd Kadırovun xatirə turnirinə qatıldı. Gözlədiyimizdən də ağır və məsuliyyətli bir turnir oldu. “Metallist”, “Poloniya”, “Paxtakor”, “Terek” güclü rəqiblərdir. Fikrimcə, biz qrupda daha yaxşı komandalar yer almışdı.

- Turnirdə nəticəni qənaətbəxş sayırsınız?
- Bu haqda siz deyə bilərsiniz. Mənim nəticəni qiymətləndirməyim düzgün çıxmazdı. Onu deyə bilərəm ki, komandamın oyunundan xeyli razıyam. “Neftçi”nin hazırda sərgilədiyi oyun həqiqətən xoşagələndir. Ona görə də mənə elə gəlir ki, hər şeyi gələcək göstərəcək.

- Ümumilikdə, qış hazırlığı ürəyinizcə oldumu?
- Bəli, çox yaxşı oldu.

- Artıq komandanı özünüz formalaşdırdınız. Yayda mövsümün startına az qalmış belə imkana malik olmamış, xaricdə təlim-məşq toplanışı keçə bilməmişdiniz...
- Formalaşdırmaq deyəndə ki, bir transfer belə etməmişəm. Bəli, komandanın fiziki hazırlığını özüm verdim.

- Mövsümün qalan hissəsində, əsasən “altılıq”da ağır oyunlar olacaq. “Neftçi” buna hazırdırmı?
- Bəli. Gələcəyə nikbin baxıram. Hər şeyi zaman göstərəcək.

- Rəqibləriniz heyətini gücləndirib. Bunu izləmisiniz?
- Biz heç kimdən çəkinmirik. Bu gün istədiyimiz rəqabətə hazırıq.

- Qış “transfer pəncərəsi”nin bağlanmağına az qalıb. Transfer gözlənilirmi?
- Yox. Bu gün “Neftçi”nin heç bir transferə ehtiyacı yoxdur.

- “Transfer pəncərəsi” bağlanandan sonra bu mövsüm yeni futbolçu ala bilməyəcəksiniz...
- İndi mənə yeni futbolçu lazım deyil. Komandamız artıq komplektləşib. Mən transfer etməyəcəyəm. Deyim niyə?

- Deyin...
- İstədiyim, gətirdiyim futbolçunun “Neftçi”yə uyğunlaşmağı üçün minimum 6 ay vaxt lazımdır.

- Avrokuboklara qədər yeni futbolçu gətirməyi lazım bilmədiniz?
- Yox. Buna ehtiyac yoxdur. “Neftçi” hazırda yaxşı heyətə malikdir.

- Yəni heyətdəki oyunçuları yetərli sayırsınız?
- Bəli. Bu gün bizdə lazımınca təcrübəli və gənc futbolçular var. Biz onların vəhdətindən ibarət komanda yaratmışıq. Lazımı sayda oyunçuya malikəm. Bir problemim var ki, o da səsimin tutulmağıdır (gülür).

- Həkimlər nə deyir?
- Deyirlər ki, yaxşı olacaq.

- Hücumçunuz Emil Mpenzanın məsələsi nə yerdədir?
- Mpenza bizimlə qurtardı, komandamızdan getdi.

- Əsas hücumçunuz Bahodir Nasimovun zədə, cəza ilə bağlı problemi yaransa, çətinliyiniz olmayacaq?
- Yox. Bizdə Fərid Quliyev var. O, həlledici qollar vurmaq bacarığını göstərib. Bundan əlavə, gənclərimiz, əvəzedici heyətdən götürdüyümüz çox oyunçumuz var.

Mehman SÜLEYMANOV