“Qarabağ”ın yeni transferi danışdı
07.02.2012 - 16:44
“Qarabağ”ın yeni transferi danışdı
“Qarabağ”ın qış fasiləsində 3-cü transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar Vaqif Cavadovla Eltun Yaqublunun ardınca ilk legionerin keçidini həll edib.

Bu, gənc və milli üzvü Muarem Muaremdir. Skopyenin “Rabotniçki” klubundan transfer edilən 23 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlanılıb.

Türk əsilli Makedoniya vətəndaşı olan oyun qurucusu ölkəsinin bütün aşağı yaş qruplarının formasını geydikdən sonra hazırda əsas millisinin heyətində müntəzəm olaraq meydana çıxır.

Muarem müqavilə imzaladıqdan sonra yeni klubunun saytına açıqlamasında bura gəlməyindən çox məmnun olduğunu bildirib: “Bu komandadan təklif gələndə, düşünmədən razılıq verdim. Makedoniya futbolunun əfsanələrindən Artim Şakiri bu klubda oynayıb. Avrokuboklarda uğurlu çıxışından da xəbərim var. 2 il bundan öncə “Qarabağ” Avropa Liqasında “Metallurq”la görüşəndə, ölkəmdəki oyunu stadionda izləmişdim. O zaman olduqca texnikalı, baxımlı futbol oynayan komanda olduğu bilinirdi. Mən də belə oyun üslubunu sevirəm”.

Muarem bildirib ki, “Qarabağ”da hədəfim ilk növbədə çempion olmaqdır: “Bilirəm ki, uzun müddətdir çempion ola bilmirik. Deyirlər ki, ayağım yüngüldür (gülür). “Orduspor” da uzun müddət Superliqaya həsrət qalmışdı. Bu sindroma son qoya bildik. “Qarabağ”ın futbolçularından Nedzipi və Pavloviçi öncədən tanıyırdım. Bilirəm ki, yeni komandamda çoxlu milli üzvü var. İnşallah, “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.