Aqolli müəmması
08.02.2012 - 14:22
Aqolli müəmması
Albaniya yığmasının futbolçusu Ansi Aqollinin “Qarabağ”dan ayrılması ilə bağlı məsələ hələ də müəmma olaraq qalır. Apasport.az saytının məlumatına görə, Ukraynanın məşhur sport.com.ua portalı müdafiəçinin müqavilə ilə məxsus olduğu “Krivbass” klubuna qayıtdığını iddia etsə də, “Qarabağ” rəsmiləri bunun həqiqət olmadığını bildirirlər.

Klubun direktoru Əmrah Çəlikəl də, baş məşqçi Qurban Qurbanov da, elə futbolçunun özü də ukraynalıların yazdığını təkzib edirlər. Onların bildirirlər ki, Ansi “Qarabağ”ın futbolçusudur və klubdan getmir.

Lakin məsələ təkcə ukraynalılarla “Qarabağ” rəsmilərinin fikirləri ilə bitmir. Belə ki, dünyanın ən tanınmış portallarından olan transfermarkt da Aqollini “Qarabağ”ın deyil, “Krivbass”ın üzvü sayır və bu keçidin yanvarda rəsmiləşdiyini iddia edirlər.

Məsələnin daha bir tərəfi isə Ansinin həmyerliləridir. Belə ki, Albaniya mətbuatı hələ fevralın 3-də Aqollinin “Qarabağ”dan “Krivbass”a keçdiyini yazıblar.

İndi isə maraqlı vəziyyət yaranıb. Bir tərəfdə “Qarabağ”, digər tərəfdə isə Ukrayna, Albaniya və bir çox ölkələrdə törəmələri olan transfermarkt-ın müxtəlif dillərdəki variantları durur.