“O hardan bilərdi ki, meydana girən ermənidir”
09.02.2012 - 00:01
“O hardan bilərdi ki, meydana girən ermənidir”
“Hakimlərin təlim-məşq toplanışından çox razı qaldım. Antalyaya apardığımız hakimlər 50-dən çox oyun idarə etdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev deyib.

Azərbaycanlı hakimlər cari mövsümün qalan hissəsinə hazırlıq məqsədilə Türkiyədə növbəti uzunmüddətli təlim-məşq toplanışında oldu.

Onlarla birgə Antalyada olan Musayev hakimlərin ədalətli idarəçiliyinə inanır: “Mənim hakimlərimizə sualım oldu ki, burada ağır oyunlarda az səhviniz olur, ancaq Premyer Liqamızda yox. Onlar da cavab verdilər ki, burada çempionatda olduğu qədər böyük təzyiq yoxdur. Bizdə elədir ki, uduzan baş məşqçilər, klub nümayəndələri günahı hakimdə görürlər. Ancaq yoxlama oyunlarda belə sıxışdırma olmur, hakimlər özlərini sərbəst hiss edirlər. Bu da onların idarəçiliyinə müsbət təsir göstərir”.

PFL prezidenti bildirib ki, hazırda yaxşı gənc hakimlərimiz var və onlara inanmaq lazımdır: “Toplanışa ilk dəfə qatılan gənc hakimlər də vardı və onlar özlərini yaxşı tərəfdən göstərdilər. Hətta klublarımız bu hakimlərin kimliyi ilə maraqlanır, onlara etimad göstərilməyini tövsiyə edirdilər”.

Hakimlərimizin iş başında olduğu oyunlar arasında Fariz Yusifovun təyinat aldığı “Krılya Sovetov” (Rusiya) – “Tyun” (İsveçrə) matçı daha çox diqqət mərkəzinə düşdü. Belə ki, FİFA hakimimizin idarə etdiyi matç sona kimi başa çatmamış, 82-ci dəqiqədə dayandırılmışdı.

Bu da Yusifov Roman Vorobyovun yerinə Roman Qriqoryanın daxil olmağına icazə verməməyi ilə bağlı idi. O, bunu Qriroryanın artıq ilk hissədə oynamağı, FİFA qaydalarının əksinə əvəzetmələrə icazə verməməyi ilə əsaslandırıb. Ruslar isə iddia edirdi ki, görüşdən əvvəl bütün əvəzetmələrə, hətta qırmızı vərəqə alan futbolçunun yerinə oyunçunun daxil olmağı ilə bağlı hər 2 komanda arasında razılıq əldə olunubmuş.

Hətta isveçrəlilər də oyunun başa çatdırılmağı ilə hakimimizə müraciət edib. Ancaq samaralıların baş məşqçisi Andrey Kobelev komandanı meydandan çıxarmışdı.

Musayev Yusifovun göstərdiyi qətiyyətdən razı qalıb və qərarının düzgün olduğunu söyləyib: “Adətən yoxlama matçlarında futbolçu qırmızı vərəqə alarsa, onun yerinə başqasının daxil olmağı, yaxud meydançada oyunçu sayı az olarsa, artıq kənarda olan futbolçunun yenidən oyuna girməyinə icazə verilməyi klublarla razılaşdırılır. Ancaq həmin oyunda bunlar razılaşdırılmadığından, Farizin qərarı düzgün idi. Sadəcə, ruslar buna başqa don geyindirirdi. Həmin vaxt hesabda geridə idilər və bu, oyunun dayandırılmağı baxımından onlar üçün bəhanə oldu. O hardan bilirdi ki, meydana erməni girəcək? Ona görə də qərarının futbolçunun erməni olmağı ilə heç bir əlaqəsi yoxdur”.

Mehman SÜLEYMANOV