Fabio Kapello İngiltərə yığmasından getdi
09.02.2012 - 10:04
Fabio Kapello İngiltərə yığmasından getdi
İngiltərə yığmasının baş məşqçisi postunda gözlənilməz dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı Fabio Kapello vəzifəsindən istefa verib.

Buna səbəb isə İngiltərə Futbol Assosiasiyasının (İFA) “Çelsi”nin müdafiəçisi Con Terrini yığmada kapitanlıqdan məhrum etməsidir. Bununla razılaşmayan Kapello postundan ayrılıb.

Kapellonun İFA-nın prezidenti Devid Bernstayn və baş katibi Aleks Xornla görüşü olub. Baş məşqçi 2008-ci ildən rəhbərlik etdiyi millidən getmək qərarını orada açıqlayıb. Bernstayn isə Kapellonun qərarına hörmətlə yanaşıb: “Onu qeyd etmək istərdim ki, italiyalı mütəxəssis İngiltərə yığmasının baş məşqçisi postunda olduğu müddətdə özünü əsl peşəkar kimi apardı. Biz onun istefasını qəbul etdik və bu, düzgün qərardır”.

Qeyd edək ki, “Milan”, “Roma”, “Real” klubları ilə çoxsaylı titullar qazanan Kapello İngiltərə yığmasını 2010-cu il dünya və 2012-ci il Avropa çempionatına çıxarıb. Ancaq 2 il öncə 1/8 finalda Almaniya yığması tərəfindən darmadağın ingilislərin turnirdə mübarizəni dayandırmağı ilə nəticələnmişdi.