Stüart Pirsin Azərbaycana ilk səfərinə imkan vermirlər
09.02.2012 - 12:18
Stüart Pirsin Azərbaycana ilk səfərinə imkan vermirlər
İngiltərə yığmasının (U-21) baş məşqçisi Stüart Pirsin Bakıya səfərinin baş tutmağı sual altına düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın U-21-i ilə 2013-cü il Avropa çempionatının seçmə mərhələsində bir qrupda yer alan ingilislərin çalışdırıcısı əsas milliyə gətirilir.

İtaliyalı Fabio Kapellonun istefasından sonra Pirs ən azı 1 oyunda – fevralın 29-da Hollandiya ilə yoldaşlıq görüşündə milliyə rəhbərlik edəcək. Ona İngiltərə Futbol Assosiasiyasının futbolun inkişafı üzrə departamentinin rəisi Trevor Brukinq kömək edəcək.

Pirs futbolun yaradıcılarının yığmasının baş məşqçisi postuna əsas namizədlərdəndir. Onun rəqibləri Türkiyə yığmasından gedəndən sonra işsiz olan hollandiyalı Qus Hiddinklə “Tottenhem”in ingilis baş məşqçisi Harri Rednapp sayılır.

Qeyd edək ki, İngiltərənin U-21-i millimizlə səfər oyununu bu ilin sentyabrın 6-da keçirəcək və bu, Pirsin ölkəmizə ilk gəlişi olmalıdır. O, indiyə U-21-mizlə 2 dəfə görüşüb və hər matç vətənində olub. İngilislər həm yoldaşlıq görüşündə (7:0), həm də rəsmi oyunda (6:0) bizi darmadağın edib və hər 2 nəticə yığmamızın tarixində ən böyük hesablı məğlubiyyətlərdən olub.