Milli komandamızın taleyinə fevralın 11-də aydınlıq gələcək
09.02.2012 - 13:12
Milli komandamızın taleyinə fevralın 11-də aydınlıq gələcək
Fevralın 11-də Xorvatiyanın paytaxtı Zaqrebdə futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Şeraton” otelində Bakı vaxtilə saat 14:30-da başlayacaq tədbirdə Avropanın 14 yığması rəqiblərini öyrənəcək.

Püşkdə ölkəmizi AFFA-nın Futbol Akademiyasının baş meneceri, UEFA-nın Futzal Komitəsinin üzvü Elnur Məmmədov təmsil edəcək.

Əsas seçmə mərhələdə qrupda qaliblərinin rəqibi pley-offa 2-ci yerin sahibi kimi vəsiqə qazanan yığmalar olacaq. Pley-offda ilk oyunlar 25-28 mart, cavab matçları 8-11 aprel tarixlərində keçiriləcək. Play-offda mübarizə aparacaq komandaların siyahısı belədir:

Qrup qalibləri
1. İspaniya
2. İtaliya
3. Serbiya
4. Portuqaliya
5. Ukrayna
6. Çexiya
7. Rusiya

Qrup ikinciləri
1. Norveç
2. Rumıniya
3. Sloveniya
4. Slovakiya
5. Azərbaycan
6. Belarus
7. Macarıstan

Millimiz üçün ən arzu olunan yığmalar Serbiya ilə Çexiyadır. Ukrayna yığması da münasib rəqib olsa da, qrupumuzun qalibi olduğundan, onunla düşə bilmərik.

Qeyd edək ki, futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Tailandda keçiriləcək.

Mənbə: affa.az