“Xəzər Lənkəran”a qayıdacağıma inanırdım”
10.02.2012 - 00:01
“Xəzər Lənkəran”a qayıdacağıma inanırdım”
1 illik fasilədən sonra “Xəzər Lənkəran” klubuna qayıdan bolqarıstanlı futbolçu Radomir Todorovun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a qayıdışınız necə baş tutdu?
- Bildiyiniz kimi, son 6 ayda vətənimdə Varna “Spartak”ında oynayırdım. Mənə klub rəhbərliyindən zəng vurub, qayıtmağı təklif etdilər. Hər şey çox tez, 2-3 günün içində həll olundu. Bakıya gəlib 2 illik müqaviləyə imza atdım və bununla, transferim rəsmiləşdi. Artıq komandanın düşərgəsindəyəm.

- Komandaya qaytarılmağınız sizin üçün təəccüblü olmadı ki?
- Bəli, demək olar gözlənilməz oldu. Ancaq nə vaxtsa yenidən “Xəzər Lənkəran”a qayıdacağıma inanırdım. Sonda istədiyim kimi oldu. Hər şey tez bir zamanda reallaşdı.

- “Slaviya” ilə müqaviləniz vardı?
- Bəli. Mən bu komandaya gələndə 1 illik müqavilə imzalamışdım. Yəni, hələ 6 ayım qalırdı.

- Bəs bu, necə həll olundu? “Xəzər Lənkəran” sizin üçün kompensasiya ödədi, yoxsa məsələni özünüzü həll etdiniz?
- Özüm həll etdim. “Slaviya” rəhbərliyi ilə belə danışığım olmuşdu ki, yaxşı təklifim olsa, gedə bilərəm. Onlar da buna imkan yaratdılar.

- Keçən qış fasiləsində qayıdaq. Onda nə problem olmuşdu ki, baş məşqçiniz olan rumıniyalı Mirça Rednik sizi “Xəzər Lənkəran”dan çıxardı?
- Bunu deyə bilmərəm. Çünki bu, Rednikin qərarı idi. Heyəti müəyyənləşdirən, futbolçuların komandadakı taleyi ilə bağlı qərar verən baş məşqçidir. Mən onun qərarına normal yanaşdım, heç kimdən incimədim.

- Hazırda baş məşqçiniz Cüneyt Biçərdir. Türkiyəli çalışdırıcı haqda nə deyə bilərsiniz?
- Yenicə tanış olmuşuq. Görürəm ki, çox mədəni adamdır. Onu əvvəl Azərbaycanda işlədiyi dövrdən tanıyıram.

- Yeri gəlmişkən, ikiniz də “Bakı”nın şərəfini qorumusunuz...
- Elədir. Mən “Xəzər Lənkəran”da oynayanda, o, “Bakı”nın baş məşqçisi idi. Mən bu komandaya keçəndə, Biçər artıq yox idi. İnanıram ki, hər şey normal olacaq.

- Keçən yay Azərbaycanda qalmaq variantınız yox idi?
- Mən burda qalıb, çıxışımı davam etdirmək istərdim. Sadəcə, təkliflər olmadığından, vətənimə qayıtmağı üstün tutdum.

- 4 illik fasilədən sonra vətəninizə döndünüz. Siz olmadığınız müddətdə Bolqarıstan çempionatında nə dəyişib? Əsas diqqətinizi nə çəkdi?
- Bu müddətdə orada çox şey dəyişib. İndi komandaların çoxu daha çox gənc futbolçulara üstünlük verir. Demək olar hər klubda böyük dəyişiklər baş verib. Fikrimcə, bir neçə ildən sonra çoxlu gənc bolqar futbolçular üzə çıxıb, Avropaya oynamağa yollanacaq.

- Bolqarıstan çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edəndə, hansı fərqləri qeyd edə bilərsiniz?
- Məncə, Azərbaycan çempionatının səviyyəsi son 2-3 ildə yüksəlib. Bolqarıstanda isə əksinə, geriləyib.

- Bəs bu 2 ölkədə klubların maddi durumları, futbolçuların qazancları arasında fərq böyükdür?
- Mən bu haqda müqayisə apara bilmərəm. Çünki hər klubun öz büdcəsi var, futbolçuların bağladığı müqavilələrin maddi şərtləri fərqlidir.

- Bildiyimizə görə, sizinlə “Xəzər Lənkəran”da birgə oynayan həmyerliniz, hücumçu İvan Svetkov da qayıtmaq istəyib. Bu variant haqda nə deyə bilərsiniz?
- Bilirəm ki, Svetkovun danışığı olub. Ancaq bunun necə nəticələndiyini deyə bilmərəm. Bunu klub rəhbərliyindən soruşmağınız lazımdır.

- 2007-ci ilin yayında sizinlə birgə “Xəzər Lənkəran”a keçən müdafiəçi Kostadin Cambazovdan nə xəbər var?
- O, artıq futbolçu karyerasını bitirərək, məşqçilikdə oxuyur.

- “Xəzər Lənkəran”da olmadığınız 1 ildə nə dəyişib?
- Mən komandaya yeni qayıtdığımdan, buna qiymət verə bilmərəm. Ancaq buradakı mühit, birgə oynadığım futbolçuların çoxu, rəhbərlik mənə yaxşı tanışdır. Bir neçə aydan sonra “Xəzər Lənkəran”dakı vəziyyət haqda qiymət verə bilərəm.

- “Bakı” mükafatlar uğrunda mübarizədə əsas rəqiblərinizdəndir. Onunla oyun sizin üçün hansı önəmi daşıyacaq?
- “Xəzər Lənkəran”la oyuna bütün komandalar yüz faiz köklənir. Fərqi yoxdur, “Bakı”, “Neftçi” və ya “Rəvan”. Mən rəqiblərə fərq qoymayıb, hamısına eyni cür ciddi yanaşır, yüz faiz hazır olmağa çalışıram. Hər şey artıq keçmişdə qaldı. “Bakı” ilə yollarımı problemsiz ayırmışam, münasibətlərimiz yaxşı olub. Sadəcə, bu klubla müqaviləm 6 ay nəzərdə tutulmuşdu, bitəndən sonra Bolqarıstana qayıtdım.

- “Xəzər Lənkəran”da əsas məqsədiniz nə olacaq?
- İlk növbədə çempion olmaq. Mən bunu qazanmağı çox istəyirəm. Çünki “Xəzər Lənkəran”da oynadığım 4 ildə çempion ola bilmədim. Bu müddətdə “Birlik kuboku”nu, Azərbaycan kubokunu qazandım, ancaq ölkə çempionluğu elə də olmadı.

- Cari mövsümdə buna şansımız çoxdur?
- Şans həmişə var və bundan istifadə etmək lazımdır.

- Siz adətən müdafiənin sol cinahında oynayırsınız və “Xəzər Lənkəran”da əsas heyətdə daim yer almağınıza adət etmişik. Sizi yenidən belə görə biləcəyik?
- İnanıram ki, belə də olacaq. Mən bunu istəyirəm və əsas heyətdə yer almaq üçün əlimdən gələni edəcəyəm. Hesab edirəm ki, hər şey ilk növbədə özümdən, ayaqlarım və əllərimdən asılıdır. Mən həmişə oynamaq istəmişəm. Yaxşı oyunumla “Xəzər Lənkəran”ın məşqçilərini, rəhbərliyini, azarkeşlərini sevindirmək istəyirəm.

Mehman SÜLEYMANOV