Səbuhi Səfiyarlı: Nəzərə alaq ki, 2-ci yerə elə bu komanda yüksəlib
10.02.2012 - 12:57
Səbuhi Səfiyarlı: Nəzərə alaq ki, 2-ci yerə elə bu komanda yüksəlib
“Qış fasiləsində yeni futbolçular almağı nəzərdə tutmuşduq. Əsasən hücumameylli futbolçularla güclənmək istəyirdik. Ancaq sonda yeganə transferimiz Əziz Quliyev oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyib.

Qış fasiləsinə 2-ci pillədə çıxan “bankirlər” Antalyadakı təlim-məşq toplanışında bir sıra legionerləri baxışdan keçirsə də, sonda heç birini bəyənmədi. Səfiyarlının qapı və müdafiə xəttinə yeni futbolçular cəlb etməyə lüzum görmədikləri fikri ilə razılaşmaq olar: “Georgi Lomaya hazırda Premyer Liqada ən yaxşı qapıçılardan biridir. Hazırda çempionatda ən az qol buraxan məhz “İnter”dir ki, bu da müdafiə xəttinin etibarlı olduğunu göstərir. Orta sahə və hücum xəttinə yeni futbolçular gətirmək istəyirdik. Ancaq baxışa çağırdığımız legionerlər baş məşqçinin istədiyi səviyyədə olmadı. Bu səbəbdən futbolçu almaq istəmədik”.

“İnter”in mükafatlar uğrunda rəqibləri “transfer bazarı”nda fəal oldu. Hər halda, klublar “transfer pəncərəsi” açılan zaman bundan maksimum yararlanmağa çalışır: “Ümumiyyətlə, qış fasiləsində yaxşı futbolçu tapmaq çətindir. Çünki futbolçuların klubları ilə müqavilələri olduğundan, sərbəst deyillər. Düzdür, rəqiblərimizdən əsasən “Xəzər Lənkəran”la “Bakı” qış transfer dövründə fəal oldu. “Neftçi” və “Qarabağ” da bizim kimi daha çox heyətini qorudu, 1-2 transfer etdi. Əsas odur heyəti qorumuşuq, zəifləməmişik. Nəzər alaq ki, 2-ci yerə elə bu komanda yüksəlib. Buna görə də hazırkı kollektivə güvənirik və mövsümün sonunda bizə lazım olan nəticəni qazanacağına inanırıq. Özü də komandamızın oyun üslubu elədir ki, hər futbolçu meydanda üzərinə düşən vəzifəni yaxşı bilir, taktikadan yaxşı istifadə edən futbolçularımız var”.

Qeyd edək ki, “İnter”də Premyer Liqamızın cari mövsümündə 9 qol buraxıb və bunlardan 3-ü “Bakı” ilə ev oyununda verilən 0:3 texniki məğlubiyyətə görədir.

Mehman SÜLEYMANOV