56 günlük intizara son
14.02.2012 - 10:46
56 günlük intizara son
Azərbaycan Premyer Liqasında 56 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, bu il milli çempionatımızda ilk oyunlar sabah keçiriləcək. Əslində 2 aylıq fasilə fevralın 10-da bitməli idi. Ancaq ölkəmizdə hava şəraiti ilə əlaqədar XIX turun oyunları martın 7-ə təxirə salındı. Belə olan halda, Premyer Liqada mübarizə XX turla davam edəcək.

Liderlərin matçları ilk oyun gününə təsadüf edəcək. Qış çempionu “Neftçi” autsayderin qonağı olacaq. Fərq ondadır ki, “Sumqayıt Şəhər”dən “Sumqayıt”a çevrilən komanda rəqibini doğma arenada yox, “Şəfa”da qəbul edəcək. Bu isə o deməkdir ki, bakılılar səfərə çıxmayaraq, elə paytaxtda oynamalı olacaq. Qış fasiləsində bir sıra futbolçuları heyətinə qatan sumqayıtlılar “Neftçi”nin sol cinah müdafiəçisi Tərlan Quliyevi icarəyə götürdü. Qapıçı Ruslan Məcidov da vaxtilə “ağ-qaralar”ın şərəfini qoruyub. Millimizə namizəd olan Almaniya vətəndaşı Uğur Pamukun da milli çempionatımızda debütü “Neftçi” ilə oyunda reallaşmalıdır.

Turun mərkəzi oyunu isə “Bakı”nın bazasında keçiriləcək. Orada turnir cədvəlində qonşular olan “Bakı” ilə “Qarabağ” görüşəcək. Komandaların xalları bərabər olsa da, ağdamlılar şəxsi oyuna görə irəlidədir. İndi “zolaqlılar” “Qarabağ”a qalib gəlməklə, həm turnir cədvəlində onu 3 xal qabaqlayacaq, həm də şəxsi oyunlarda balansı düzəldəcək. “Qarabağ”dan sonra 1 il “Bakı”da icarədə oynayan Vaqif Cavadov qış fasiləsində ağdamlıların sıralarına qayıtsa da, keçmiş komandasına qarşı çıxış edə bilməyəcək. Bu da millinin düşərgəsindən getdiyinə görə AFFA-nın İntizam Komitəsi tərəfindən hücumçuya verilən 5 oyunluq cəzaya görədir. “Bakı”nın yeni transferləri arasında əsas diqqəti çəkən, “Rayo Valekano”dan gələn ispan hücumçu Koke sabah milli çempionatımızda debüt etməlidir.

Lənkərandakı oyunun iştirakçıları yeni baş məşqçilər olacaq. Belə ki, AZAL-la “Xəzər Lənkəran”ın Şüvəlandakı görüşündə baş məşqçilər müvafiq olaraq Elxan Abdullayevlə rumıniyalı Mirça Rednik idi. Hər 2 çalışdırıcı komandalarının uğursuz çıxışına görə hələ ötən il istefa verdi. AZAL-la yenə yerli, “Xəzər Lənkəran”ı əcnəbi mütəxəssisə güvənib ki, onlar elə klubun daxilində idilər. Belə ki, “təyyarəçilər”i çalışdıran Rafiq Mirzəyev Abdullayevin köməkçisi idisə, türkiyəli Cüneyt Biçər Lənkəran klubunda uşaq futbolu üzrə koordinator, sonradan bir müddət əvəzedicilərin baş məşqçisi oldu. İlk dövrədə Bakıda asan qələbə qazanan “Xəzər Lənkəran”a çempionluq, AZAL-a “altılığ”a düşmək uğrunda mübarizədə 3 xal çox vacibdir.

Birigün keçiriləcək oyunların iştirakçıları əsasən 2-ci “altılıq”da yer alanlar olacaq. Onların ilk “altılığ”a düşmək, Premyer Liqada yerini qorumaq üçün xala ehtiyacı böyükdür. Bu mənada Zaqataladakı matç maraqla gözlənilir. Belə ki, 6-cı yerdə gedən “Qəbələ” yerini qorumaq üçün növbəti sınağa çıxacaq. Qəbələlilər 7 xal qabaqladığı “Simurq”u yenərsə, rəqibi demək olar “altılıq” mübarizəsindən kənarda qalacaq. Ancaq onu da nəzərə alaq ki, “Simurq” ilk dövrədə Qəbələdə qalib gəlmişdi və həmin vaxt komandanın baş məşqçisi az sonra istefa verən ingilis Toni Adams idi.

“Altılığ”a iddiasını davam etdirən “Rəvan” son pillədə gedən “Turan”a mütləq qalib gəlməlidir. Debütant Tovuzdakı ilk dövrədəki matçda buna nail olmuşdu. Maraqlıdır ki, bu, “Rəvan”ın milli çempionatımızda ilk qələbəsi kimi tarixə düşdü. Onda bunu qazandıran Vladislav Qədirov ötən həftə istefaya göndərildi. Onu “Turan”la oyun öncəsi istefa verən Bəhmən Həsənov əvəzləyib.

Premyer Liqada çıxışını dayandırdığını açıqlayan, sonradan fəaliyyətini davam etdirən “Kəpəz” liderlərdən birini qəbul edəcək. 1 xal geri qaldığı “Neftçi”nin büdrəməyini gözləyən “İnter” Gəncədə işi asan olmayacaq. Hər halda, qış fasiləsində beynəlxalq oyunlarda ən yaxşı nəticəyə imza atan klubumuz olan “Kəpəz” ilk dövrədə “bankirlər”dən xal almışdı.

15 fevral

14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:4

14:00. "Bakı" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança
İlk dövrədəki oyun – 1:2

16:00. "Xəzər Lənkəran" – AZAL
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 3:0

16 fevral

13:00. "Simurq" - "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Azər Əsgərov, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 2:0

14:00. "Rəvan" - "Turan"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Tahir Əhmədov
Bakı. "Dalğa Arena" stadionu
İlk dövrədəki oyun – 1:0

14:00. "Kəpəz" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:0

 KomandaOQHMQollarXallar
1Neftçi18121537-1637
2İnter18106216-936
3Xəzər Lənkəran18105327-1735
4Qarabağ1885520-1429
5Bakı1885523-1629
6Qəbələ1875618-1926
7AZAL1865726-2823
8Rəvan1857621-2222
9Simurq1854918-2719
10Kəpəz18441021-3416
11Sumqayıt Şəhər18431113-2315
12Turan18321310-2611


Bombardir: Bahodir Nasimov (Neftçi) - 11