Azərbaycan – Rusiya matçında braziliyalıların savaşı - FOTO
14.02.2012 - 12:31
Azərbaycan – Rusiya matçında braziliyalıların savaşı - FOTO
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçiriləcək Azərbaycan – Rusiya oyunları braziliyalıların savaşı kimi tarixə düşəcək. Apasport.az saytının məlumatına görə, millimizin baş məşqçisi, 44 yaşlı Joze Alesio da Silva və sərəncamında olan digər braziliyalılar Rusiyanı təmsil edən həmyerlilərinə qarşı meydana çıxacaqlar.

Hər 2 yığmanın heyətində olan milliləşən braziliyalılar isə bir-birilərini kifayət qədər yaxşı tanıyırlar. Xüsusilə, Joze Alesio rəqib həmyerlilərinə yaxşı bələddir.

Şimallıların 33 yaşlı qapıçısı Qustavo 2004-09-cü illərdə Qazaxıstanın “Kayrat” klubunda oynayıb. 2007-08-ci illərdə onun baş məşqçisi isə Joze Alesio olub. Bu müddət ərzində braziliyalılar yaxşı tanış ola biliblər.

Lakin rusiyalıların ən təcrübəlisi, daha əvvəl milliləşdirdiyi Sirilo baş məşqçimizə daha yaxşı tanışdır. 2003-04-cü illərdə Moskva “Spartak”ında oynayan Alesio ilə Sirilo aralarındakı 12 yaş fərqinə baxmayaraq, komanda yoldaşları olublar. Özü də indi zədə üzündən yığmamıza kömək edə bilməyən Biro Jade də bu 2 həmyerlisi ilə birlikdə çıxış edib. Digər braziliyalı Pula isə baş məşqçimiz üçün nisbətən yaddır.