“Gərək bir şey fikirləşib, rusları aldadaq”
14.02.2012 - 15:00
“Gərək bir şey fikirləşib, rusları aldadaq”
Azərbaycan futzal yığmasının üzvü Rəcəb Fərəczadənin apasport.az saytına müsahibəsi

- Milli komandamız dünya çempionatının pley-off mərhələsində Rusiya ilə qarşılaşacaq. Püşkün nəticəsini necə qəbul etdiniz?
- Rusiya yığması çox güclü rəqibdir, son Avropa çempionatının gümüş medalçısıdır. Deyərdim ki, onlar qızıl medallara layiq idilər. Rusları İspaniya ilə final oyununda qələbədən 34 saniyə ayırırdı. Düzdür, ispanlar 3 qol vursa da, bunlardan 2-si bəxtəbəxt, “rikoşet” qollar oldu.

- Püşkdə bəxtimizin gətirmədiyini düşünürsünüz?
- Təbii, bəxtimiz heç gətirmədi. Deməzdim ki, İspaniya və Rusiyanın düşməsindən qorxurdum. Sadəcə, son Avropa çempionatı onların çox güclü olduğunu göstərdi. Əlbəttə, ilk növbədə Çexiya və Serbiya yığmalarından birinin bizə düşməsini istəyirdim. Ancaq rəqibin İtaliya və Portuqaliya olmağına da razı idim. Məncə, italiyalılarla başabaş oynamaq olardı. Düzdür, Portuqaliyaya Avropa çempionatının final mərhələsində 1:4 hesabı ilə uduzduq. Ancaq hər halda, bu rəqiblə çox oynamışıq, uduzmadığımız vaxtlar da olub.

- Rusiya millisini necə xarakterizə edərdiniz?
- İlk növbədə intizamlı, mobil komandadır. Oyunçuları meydanda həddən artıq cəld, sürətlidirlər, anidən qərar qəbul edirlər. Rusiya yığmasından belə oyun gözləmirdim. Adama şok yaşadırlar.

- Rusların mərhələ keçmək şansını daha çox qiymətləndirirsiniz?
- Bəli, favorit onlardır. Ancaq biz də zəif deyilik və sonadək mübarizə aparacağıq.

- Belə güclü rəqiblə oyunda nəyə ümid edə bilərik?
- Əlbəttə, həmişə ilk növbədə qələbəyə ümid edirik. Rusiya nə qədər güclü olsa da, qalib gəlmək istəyirik. Dünya çempionatının final mərhələsinə çıxmağa çalışacağıq. Onu da nəzərə alaq ki, pley-off oyunları 2 matçdan ibarətdir.

- Sizcə, ilk matçın Bakıda olması xeyrimizədir?
- Evdəki nəticədən çox şey asılıdır. Çalışıb, üstünlük qazanmaq lazımdır. Çünki Moskvada bizə çox çətin olacaq. Ruslar evdə daha inamlı təsir bağışlayırlar.

- Evdə hansı hesablı qələbə bizi qane edər?
- Lap 1-2 top fərqi ilə qələbə qazansaq belə, bu, artıq final mərhələsinə çıxmağımız demək deyil. Çünki Moskvada çətin sınağa çıxacağıq. Bakıda qalib gəlsək, onlar psixoloji gərginlik içərisində olacaq və oyun zamanı tələsəcəklər. Bu isə xeyrimizə olacaq və əlimizə düşəcək şanslardan istifadə etməliyik. Bakıda üstünlük qazansaq, səfərdə daha çox müdafiə olunub, əks-hücumlara bel bağlaya bilərik. Yəni bir şey, taktika fikirləşib, rusları aldatmalıyıq. Oyunlara ay yarım vaxt var və baş məşqçi rəqibi təhlil edib, necə hazırlaşıb, oynamağı müəyyənləşdirər.

- Yeri gəlmişkən, yığmamızın “sükanı arxası”nda olan braziliyalı Joze Alesio Da Silva əvvəllər Rusiyada oynayıb, sonradan baş məşqçi işləyib. Sizcə, onun Rusiya futzalına yaxından bələd olmağı işimizə yaraya bilərmi?
- Bunlar xırda amillərdir. Yəni o, Serjao, Biro Jade xeyli əvvəl Rusiyada oynayıb. Ancaq burada söhbət ümumi komandadan gedir. İndi internet, kompüter, texnika dövrüdür. Bunun sayəsində rəqibin oyunu olan diski asanlıqla əldə edib, baxmaq, təhlil etmək olar. Baş məşqçi rəqibi dəyərləndirib, buna uyğun ev və səfər oyunlarına taktikanı müəyyənləşdirəcək. Biz də meydana çıxanda, ona əməl edəcəyik. Dediyim kimi, Bakıda yaxşı nəticə əldə etməli, heç olmasa, 1 top fərqlə qalib gəlməliyik. Elə nəticə qazanmalıyıq ki, Rusiyaya turist kimi getməyək. Bilirsiniz, şəxsən mənim üçün İspaniyaya qarşı oynamaq Rusiyadan daha asandır.

- Niyə?
- Çünki ispanlar asta, ağıllı oynayır, tempi yüksəltmir. Biz belə rəqibə qarşı oynaya bilirik. Buna misal olaraq, ötən il UEFA kubokunda “Barselona” ilə oyunumuzu göstərə bilərik. Deyərdim ki, dünyanın ən güclü komandasıdır. Ancaq “Araz” “Barselona” ilə oyunda 2:2 hesablı heç-heçə etdi. Çünki ispanların oyun üslubu ilə çatdıra bilirdik. Ruslarsa fərqli oynayırlar. Yəni sürətli oyuna üstünlük verir, müdafiədən hücuma tez keçir, oyun boyu meydanda pressinq tətbiq edir.

- Rusiya yığması ilə yeganə görüşümüz 8 il öncə Serbiyada Avropa çempionatının seçmə mərhələsində olub. 0:5 hesabı ilə uduzduğumuz həmin matçda iştirak edənlərdən hazırda yığmanın heyətində olan yeganə oyunçu sizsiniz. Bu matç yadınızda necə qalıb?
- Həmin oyunda böyük hesabla uduzsaq da, ilk hissədən sonra qolsuz bərabərlik idi. Ruslar 5 qolun hamısı 2-ci hissədə vurdular. Bizim də qol imkanlarımız oldu. Bu, hər matçda olur. Ancaq heç birindən istifadə edə bilmədik. Ruslar isə qolların demək olar hamısını standart vəziyyətdən vurdu. Bir də ki həmin dövrlə müqayisədə futzal çox dəyişib. Onda təkbətək mübarizələrdə rəqibi aldatmağa üstünlük verilirdisə, indi belə deyil. Fərdi oyun arxa plana keçib, kollektiv mübarizəyə üstünlük verilir.

Mehman SÜLEYMANOV