UEFA Rusiya yığmasının bombardirini Azərbaycana buraxmadı
14.02.2012 - 16:13
UEFA Rusiya yığmasının bombardirini Azərbaycana buraxmadı
Rusiya futzal yığmasının dünya çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə ilk oyunda heyətlə bağlı ciddi problemləri yaranıb. Apasport.az saytının məlumatına görə, rəqibin baş məşqçisi Sergey Skoroviç Bakıdakı matçda 2 hücumçusu – Sergey Abramovla Sirillonun xidmətindən istifadə edə bilməyəcək. Bu da onların cəzalı olmağı ilə bağlıdır.

Sirillo İspaniya yığması ilə son Avropa çempionatının (AÇ) final oyununda qırmızı vərəqə alıb. Moskva “Dinamo”sunun milliləşdirilən braziliyalı oyunçusu 2-ci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün UEFA-nın 1 oyunluq cəzasına məruz qalıb. Abramovun isə ispanlarla matçda aldığı sarı vərəqə turnirdə 2-ci olub. Bu da onun 1 oyunluq cəzalı duruma düşməyi deməkdir. Yəni onların hər ikisi aprelin əvvəlində Moskvadakı cavab matçında bizə qarşı oynaya biləcəklər.

Əslində, AÇ-nin final mərhələsinin və dünya çempionatının pley-off oyunları fərqli yarış olsalar da, cəzalar bir-birinə şamil olunur. Çünki pley-off oyunları Avropa zonası üzrədir və AÇ kimi onu da UEFA keçirir. Ona görə də qurumun Nizam-İntizam Komitəsi cəzalarda ardıcıllığı nəzərdə tutub. Yəni, AÇ-nin oyunlarından sonra dünya çempionatının pley-off matçları gəlir və cəza avtomatik növbəti görüşə tətbiq olunur.

Qeyd edək ki, millimiz də martın sonunda Bakıdakı oyuna itki ilə çıxacaq. Bu da milliləşdirilən rusiyalı qapıçımız Andrey Tveryankinin Serbiya yığması ilə qrup matçında 2-ci sarı vərəqə alaraq, meydandan qovulmağı nəticəsində 1 oyunluq cəzalı olmağı ilə bağlıdır.

Mehman SÜLEYMANOV