Azərbaycan-2012-nin tərəfdaşları FİFA-da bir araya gəldi - FOTO
15.02.2012 - 10:05
Azərbaycan-2012-nin tərəfdaşları FİFA-da bir araya gəldi - FOTO
FİFA-nın Sürixdəki mənzil-qərargahında bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı görüş keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin yerli tərəfdaşları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Xalq Bank və “Bakcell”in nümayəndələri Sürixdəki tədbirə qatılıblar.

FİFA-nın strategiya və brend-menecment üzrə departamentinin rəhbəri Ralf Ştraus dünya çempionatının adıçəkilən şirkətlərə etibar olunmasına şad olduğunu bildirib. O qeyd edİb ki, tərəfdaşların Azərbaycan bazarına bələd olmaları mundial üçün müsbət haldır.

“Bakcell”in icraçı direktoru Riçard Şirer yığıncaqda çıxış edib: “Dünya çempionatı Azərbaycan xalqı üçün böyük hadisədir. Futbol hamı üçün sevimli oyundur. Biz də mobil operator olaraq bu işdə iştirak etməyə çox şadıq”.

Tədbirdə ARDNŞ-ı təmsil edən Zaur Qəhrəmanov bildirib ki, FİFA ilə əməkdaşlıq vasitəsilə kütləvi futbola bağlılıqlarını saxlamaq niyyətindədirlər.

Xalq Bankın direktoru Elxan Ağayev bu əməkdaşlığı Azərbaycanda idmanın və saglam həyat tərzinin inkişafına töhfə kimi qiymətləndirdiklərini bildirib.

Qeyd edək ki, tədbirdə Yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.