“Onun ailəsində faciə baş verib, uşağı ana bətnində ölüb”
15.02.2012 - 13:14
“Onun ailəsində faciə baş verib, uşağı ana bətnində ölüb”
“Litvalı futbolçu Robertas Poşkus düşərgəmizə qayıtmayıb. O, fevralın 12-də gəlməli idi. Ancaq son anda hava limanından geri qayıdıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.

Zaqatala təmsilçisinin cari mövsümdə bombardiri olan Robertas Poşkus qış fasiləsinin çox hissəsində hazırlıqdan kənarda qaldı. Ailəsində problemi olan 33 yaşlı hücumçu Antalyadakı təlim-məşq toplanışının sonlarına qatılsa da, sonradan yenidən vətəninə qayıtmalı oldu.

“Simurq” Premyer Liqanın XX turunda sabah “Qəbələ” ilə ev oyununa çıxacaq, amma Poşkusdan hələlik xəbər yoxdur: “Bildiyiniz kimi, onun ailəsində faciə baş verib, doğulmalı olan uşağı ana bətnində ölüb. Hamilə olan həyat yoldaşı qanaxma nəticəsində reanimasiyaya yerləşdirilib. Biz futbolçunun vəziyyətini başa düşürük. Hər şeyin öz yeri var və ailə hər şeydən üstündür. Poşkus yanvarın sonunda Antalyaya düşərgəmizə gəlmişdi. Məşqlərimizdə iştirak edib, yoxlama oyununda meydana çıxmış, hətta qol da vurmuşdu. Ailəsində baş verən olayı anlayışla qarşılayaraq, yenidən vətəninə yollanmasına icazə verdik. Axı Robertas elə hadisədən sonra hansı əhval-ruhiyyədə oynaya bilərdi?”

Hələ ötən qış fasiləsində “İnter”də oynadığı müddətdə də ailə problemi üzündən vətənində olan Poşkus bu üzdən komandasının Rusiyada qalibi olduğu “Birlik kuboku”nda iştirak etmədi. “Simurq” rəsmisinin sözlərinə görə, hücumçu qayıdandan sonra bu məsələ araşdırılacaq: “Poşkusun yoxluğu bizə saymazyanalıq yox, üzrlü səbəblə bağlıdır. Əgər bunun əksi olsa, tutarlı səbəb olmasa, haqqında ölçü götürəcəyik. Bunun hansı formada olacağını isə rəhbərlik müəyyənləşdirəcək. İstənilən halda, biz məsələni yenə də tam araşdıracağıq. Onun dediyi öz yerində, bizim araşdırmamız başqa. Bizdə intizamsızlıq edən futbolçulara klub daxili Nizam-İntizam Məcəlləsinə uyğun maddi sanksiya tətbiq olunur”.

Hər halda, Poşkus “Simurq”un əsas hücumçusu olsa da, gələn kimi əsas heyətdə yer ala bilməz. Bununla razılaşan Əliyev legionerin hazırlıqla bağlı ciddi probleminin olmayacağını düşünür: “Əlbəttə, Poşkusun nə vaxt oynayacağı ilə bağlı baş məşqçi Sergey Yuran qərar verəcək. O, uzun müddət sıralarımızda olmasa da, 2 gün komandamızla məşq edəndən sonra formasını yığdı. Dediyim kimi, yoxlama oyununda çıxıb, qol da vurdu. Yəni, onun artıq çəkisi yoxdur və 1 həftəyə tam hazır ola bilər. İndi tam hazır olmasa, onu əvəzləyəcək futbolçularımıza malikik. Bizdə başqa hücumçular – yeni transfer etdiyimiz moldovalı Anatoli Doroş, Əli Bağırov var”.

Qeyd edək ki, 2009-cu ildən ölkəmizdə oynayan Poşkus cari mövsümdə vurduğu 8 qolla bombardirlər yarışında yalnız “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimovdan (11 qol) geri qalır.

Mehman SÜLEYMANOV