“SOCAR qadın futbolunun inkişafına dəstəyini əsirgəməyəcək”
16.02.2012 - 16:12
“SOCAR qadın futbolunun inkişafına dəstəyini əsirgəməyəcək”
“Bu il FİFA U-17 qadınlararası dünya çempionatının Azərbaycanda keçirilməsi ölkəmizin bütün dünyada tanınmasında çox böyük rol oynayacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xalq Bank-ın baş icraçı direktoru Elxan Ağayev deyib.

O, Xalq Bank olaraq, bu istiqamətdə də dəstəklərini əsirgəməməyi, ölkəmizi təmsil edən idmançıların və ümumilikdə, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün fəaliyyətlərini davam etdirməyi qərara aldıqlarını bildirib: “Təkcə futbolda deyil, bütün idman növlərində uğurlu nəticələr qazanmış idmançılarımıza təşəkkür edir və hər zaman onları dəstəkləməyə hazır olduğumuzu bildiririk”.

SOCAR Enerji İsveçrə Ofisinin maliyyə direktoru Zaur Qəhrəmanov bu il Azərbaycan üçün uğurlu il olduğunu, Davosda keçirilən iqtisadi forumda ölkəmiz layiqincə təmsil olunduğu söyləyib: “Artıq qısa müddətdən sonra Bakıda “Eurovision” musiqi yarışması keçiriləcək. Sentyabrda isə FİFA U-17 qadınlararası dünya çempionatı start götürəcək. Bütün bu tədbirlər, həmçinin dünya çempionatının təşkili ölkəmizin iqtisadi və idman potensialının göstəricisidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya çempionatının müvəffəqiyyətlə keçməsi və ümumiyyətlə, ölkəmizdə qadın futbolunun inkişafı üçün hərtərəfli dəstəyini əsirgəməyəcək”.

Bakcell-in baş icraçı direktoru Riçard Şirer bu cür möhtəşəm tədbirdə iştirakları onlar üçün yaxşı mənada həyəcanverici hal sayır: “Futbol insanlar üçün oyundur və Bakcell insanlara xidmət edən mobil operatordur. Bugünkü tədbirdə, FİFA-nın mənzil-qərargahında – bu cür tarixi yerdə – və mühüm insanların əhatəsində olmaq çox xoşdur. 17 yaşadək qızlardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatı ilə bağlılığımızın olması bizi çox sevindirir”.

Qeyd edək ki, bu ilin payızında ölkəmizdə keçiriləcək dünya çempionatının yerli tərəfdaşları olan bu 3 şirkətin nümayəndələrinə Yerli Təşkilat Komitəsinin sədri, AFFA-nın baş katibi Elxan Məmmədovla birgə İsveçrənin Sürix şəhərində FİFA rəsmiləri ilə görüşdə bu qurumun sertifikatı təqdim olunub.

Mənbə: affa.az