Premyer Liqada yeni rekord
16.02.2012 - 18:13
Premyer Liqada yeni rekord
“Rəvan” klubunun yeni transferi Nemanya Vidakoviç Azərbaycan Premyer Liqasının 2011/12 mövsümündə yeni rekord vurub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı serbiyalı legioner XX turun “Turan”la qarşılaşmasında dubla imza atıb.

Bu qarşılaşma futbolçunun həm “Rəvan”da, həm də Azərbaycan çempionatında debüt oyunu idi. Yeni komandasındakı ilk rəsmi matçın elə ilk 45 dəqiqəsində 2 qol vuran futbolçu bununla da həmyerlisinin rekordunu təkrarlayıb.

Belə ki, cari mövsüm Vidakoviçə qədər yalnız 1 oyunçu – milliləşən serbiyalı Branimir Subaşiç debüt matçında 2 qol vurmuşdu. Maraqlıdır ki, “Xəzər Lənkəran”da debütünü 2 qolla qeyd edən Branimir də həmyerlisi kimi topları “Turan”ın qapısına vurmuşdu.

Lakin Nemanyanın dublu Branimirdən fərqlənir. Məsələ ondadır ki, Subaşiç əvvəllər Azərbaycanın digər komandalarında oynayıb və “Xəzər Lənkəran”dakı debütünü dublla qeyd edib. Vidakoviç isə ölkəmizdəki ilk rəsmi matçında snayperlik nümayiş etdirib.