“Qarabağ”dan və Boyan Pavloviçdən rekordlar
17.02.2012 - 10:42
“Qarabağ”dan və Boyan Pavloviçdən rekordlar
“Qarabağ” Premyer Liqamızın cari mövsümündə ardıcıl 5 oyun qol buraxmayan ilk komanda olub. Apasport.az saytının məlumatına görə, 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi” ilə səfər görüşündə (2:3) uduzduqdan sonra qapısını toxunulmaz saxlayan ağdamlılar XX turun “Bakı”ya səfərdə 3:0 hesabı ilə qalib gəldikləri matçda seriyasını 5-ə çatdırıb. Belə ki, “Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçi sonuncu dəfə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo məyus edib. Onun 83 gün əvvəlki matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra Pavloviç 452 dəqiqədir top buraxmır.

Digər əcnəbi qapıçı – “Qəbələ”nin latviyalı futbolçusu Pavel Doroşev də artıq 400 “quru dəqiqə” səddini arxada qoyub. O, sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la ev oyununda (3:1) topu qapısından çıxarmışdı. Həmin matçın 39-cu dəqiqəsində qol sevincini qonaqların kapitanı Samir Abasov yaşamışdı. “Sumqayıt”la oyundan sonra 4 matçda qapısını toxunulmaz saxlayan Doroşev “Simurq”la səfər matçlarında “quru seriya”nı 411 dəqiqəyə çatdırıb.

Xatırladaq ki, qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün 660 dəqiqəlik seriyaya malik olmalıdırlar.

Mənbə: pfl.az