12 kluba 12 legioner, yaxud debütantlar və qayıdanlar
17.02.2012 - 14:31
12 kluba 12 legioner, yaxud debütantlar və qayıdanlar
Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra keçirilən ilk turda 12 yeni legioner meydana çıxdı. Apasport.az saytının məlumatına görə, 12 komandadan 8-də yeni əcnəbilər ilk qədəmlərini basdılar. “Bakı”da 4, “Xəzər Lənkəran”da 2, “Qarabağ”, “Qəbələ”, “Rəvan”, “Simurq”, “Kəpəz” və “Turan”da hərəyə 1 legioner milli çempionatımızda siftə etdi.

Onlardan ən uğurlusu Nemanya Vidakoviç oldu. Belə ki, “Rəvan”ın serbiyalı hücumçusu debütdəcə dubl edərək, komandasına “altılıq” uğrunda mübarizədə vacib qələbə (2:1) qazandırdı. Digər yeni legionerlər qol vura bilmədi ki, onlardan yeganə sarı vərəqə “Bakı”nın xorvat müdafiəçisi Duje Bakoviçin payına düşdü.

12 legionerdən 10-u Avropanı, 2-si Afrikanı təmsil edir. Özü də avropalıların yarısı keçmiş Yuqoslaviya ölkələrindən gələnlərdir. Afrikalılara gəlincə, Seidu Salifus “Turan”da ilk qanalıdırsa, Sadio Tounkara nəinki “Xəzər Lənkəran”da, ümumiyyətlə, milli çempionatımızda ilk malili futbolçu kimi tarixə düşdü.

Yeri gəlmişkən, onun komanda yoldaşı Roberto Alviz Lənkəran təmsilçisinin tarixində ilk xorvat futbolçu oldu. Əslində, “Xəzər Lənkəran” Kosta-Rika yığmasının üzvü Rendal Brenesi də transfer etsə də, hücumçu bu il ilk oyuna sifariş olunmamışdı.

Qalan 4 komandadan “Neftçi”, “İnter”, AZAL qış fasiləsində legioner transfer etməyib. “Sumqayıt”da isə Almaniyadan gələn Uğur Pamuk “Neftçi” ilə oyunu əvəzedilmədən keçirdi. Onu nəzərə alaq ki, yığmamıza namizəd olan sağ cinah yarımmüdafiəçisi milliləşdirilərək, Azərbaycan vətəndaşlığını daşıyır.

Qış fasiləsindən sonra ilk turda debütantlarla yanaşı, bir sıra qayıdışlar da müşahidə olundu. Bu, daha çox yerli futbolçulara aiddir. Legionerlərdən “Simurq”un yeni transferi moldovalı hücumçu Anatoli Doroş 2 illik fasilədən sonra Premyer Liqamıza qayıtdı. AZAL-la oyunu ehtiyatda keçirən “Xəzər Lənkəran”ın bolqar müdafiəçi Radomir Todorov 6 aydan sonra çempionatımıza, 1 ildən sonra komandasına qayıtdı. Ukraynalı hücumçu Sergey Artyuxun ölkəmizdə 3-cü klubu “Rəvan” oldu.

Milli komandamızın da formasını geymiş bir sıra futbolçular uzun fasilədən sonra Premyer Liqamızın iştirakçısı oldu. Bu, ilk növbədə milli çempionatımızın qalibi olmuş təcrübəli qapıçılar Dmitri Kramarenko ilə Rauf Mehdiyevə aiddir. Onların hər ikisi cari çempionatımızda debüt etdi. “İnter”də uzun müddətdir ehtiyatda qalan Kramarenko oyun praktikası qazanmaq üçün icarə əsasında qış fasiləsində “Simurq”a keçdi. Ötən yay Saşa Stamenkoviçin “Neftçi”yə transferindən sonra əsas heyətdə yerini itirən Mehdiyev isə cari mövsümdə “Simurq”a 1:0 hesabı ilə qalib gəldikləri kubok oyununda meydanda olmuşdu.

Nadir Nəbiyev yetirməsi, kapitanı olduğu “Turan”a qayıtdı. Əslində, hücumçu cari mövsümdə doğma komandasının heyətində meydana çıxsa da, sonradan maddi problemlərə görə ayrı düşmüşdü. Qış fasiləsində klub rəhbərliyindəki dəyişiklikdən, Tovuz Rayon İcra Hakimiyyətinin himayədarlığı ələ almasından sonra bir sıra futbolçular, o cümlədən, Nadir də geri döndü. Nəticədə Nəbiyev xeyli fasilədən sonra milli çempionatımızda oynadı.

“Qəbələ”nin kapitanı Mahir Şükürov isə 2 ay nəinki çempionatımızdan, ümumiyyətlə, futboldan kənarda qaldı. Çünki millimizin heyətində Türkiyə yığması ilə səfərdəki rəsmi oyunda sonra dopinq problemi ilə üzləşən müdafiəçi UEFA-nın yekun qərarını gözləyirdi. Bu, 2 aylıq cəza olduğundan, Mahir artıq yanvarda rəsmi oyunda iştirak edə bilərdi.

Elmar Baxşıyev isə 1 illik fasilədən sonra Premyer Liqaya döndü. “Neftçi”də uzun müddət ehtiyatda qalan təcrübəli yarımmüdafiəçi qış fasiləsində qəbələlilərlə anlaşdı. “Qəbələ”nin fasilədə digər yeni transferi – Türkiyə Superliqa təmsilçisi “Mersin İdman Yurdu”ndan gələn hücumçu Yannik Kamanan isə yeni klubunun tarixində ilk fransalı futbolçu oldu.

Premyer Liqamızda debüt edən legionerlər

“Xəzər Lənkəran”: Roberto Alviz (1984, yarımmüdafiəçi, Xorvatiya, son 29 dəqiqə), Sadio Tounkara (1992, yarımmüdafiəçi, Mali, son 22 dəqiqə)

“Qarabağ”: Muarem Muarem (1988, yarımmüdafiəçi, Makedoniya, son 21 dəqiqə)

“Bakı”: Duje Bakoviç (1986, müdafiəçi, Xorvatiya, 90 dəqiqə, sarı vərəqə), Lukas Horvat (1985, yarımmüdafiəçi, Sloveniya, ilk 67 dəqiqə), Nenad Kovaçeviç (1980, yarımmüdafiəçi, Serbiya, ilk 45 dəqiqə), Koke (1983, hücumçu, İspaniya, 90 dəqiqə)

“Qəbələ”: Yannik Kamanan (1981, hücumçu, Fransa, ilk 72 dəqiqə)

“Rəvan”: Nemanya Vidakoviç (1985, hücumçu, Serbiya, 90 dəqiqə, 2 qol)

“Simurq”: İqor Tarasov (1988, yarımmüdafiəçi, Latviya, son 45 dəqiqə)

“Kəpəz”: İon Arabadji (1984, müdafiəçi, Moldova, 90 dəqiqə)

“Turan”: Seidu Salifus (1987, yarımmüdafiəçi, Qana, ilk 45 dəqiqə)


Mehman SÜLEYMANOV