Sonuncu ola biləcək XXI tur: 3 vəsiqəyə 5 klub iddialıdır
18.02.2012 - 00:07
Sonuncu ola biləcək XXI tur: 3 vəsiqəyə 5 klub iddialıdır
Premyer Liqanın XXI turu təsnifat mərhələsinin son 2 turunu formallığa çevirə bilər. Apasport.az saytının məlumatına görə, fevralın 20-də və 21-də baş tutacaq görüşlərdə qeydə alınacaq müəyyən nəticələr qarşıda XXII və XIX turun matçları qalsa da, çempionat iştirakçıları indidən 2 “altılığ”a bölünəcək.

Yəni, həm 1-6-cı, həm də 7-12-ci yerlər uğrunda mübarizə aparan komandaların tam siyahısının artıq bilinmə ehtimalı var.

İlk növbədə hazırkı durumu xatırladaq: “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” mükafatlar uğrunda, “Simurq”, “Kəpəz”, “Turan” və “Sumqayıt” Premyer Liqada qalmaq üçün mübarizə aparacağını rəsmiləşdirib. Digər 5 klub ilk “altılıq”da qalan son 3 vəsiqəyə iddia edir.

XXI turun bu 5 iddiaçının iştirakı ilə keçiriləcək oyunları isə onlar üçün həlledici ola bilər. İşi ən asan olan “Qarabağ”dır. Ağdamlılar ümidi “altılıq”dan üzülən “Kəpəz”ə qalib gəlsə, 4-cü vəsiqənin sahibi olacaqlar. Heç-heçə qeydə alınsa, “Rəvan”ın güclü “Neftçi”ni udmamağı Qurban Qurbanovun yetirmələrini “altılığ”a daşıyacaq. “Qarabağ”ın məğlubiyyətlə bunu bacarması üçün “Rəvan” və AZAL qalib gəlməməlidir.

“Rəvan”ın uduzması, AZAL-ın istənilən xal itkisi isə “Qəbələ” ilə “Bakı”nı da “altılıq” iştirakçısı edə bilər. Lakin bunun üçün hər 2 komanda çətin matçlardan 3 xalla ayrılmalıdır. Güclü “Neftçi” ilə görüşən “Rəvan”ın uduzacağı daha inandırıcı görünürsə, AZAL zəif “Turan”la matçda çətin xal itirsin.

Qeyd edək ki, “Simurq” – “Bakı” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları fevralın 20-də baş tutacaq. Ertəsi gün isə “Qəbələ” – “Xəzər Lənkəran”, AZAL – “Turan” və “Neftçi” – “Rəvan” görüşləri keçiriləcək.

Turun ayın 20-də oynanılacaq “İnter” – “Sumqayıt” matçı isə “altılıq” baxımından əhəmiyyət kəsb etmir.