Tuyqun Nadirov: Azarkeşlərimiz tənbəllik edirlər
18.02.2012 - 00:15
Tuyqun Nadirov: Azarkeşlərimiz tənbəllik edirlər
“Ev oyunlarımızın canlı yayımlanıb-yayımlanmağı klub rəhbərliyinin qərarından asılıdır. Düzdür, azarkeşlərimiz, xaricdə olanlarla da ev oyunlarımızın televiziyada göstərilməməyinə narazılıq edirdi. Ancaq həmin azarkeşlər gərək bizi də başa düşsünlər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub təmsilçisinin rəhbərliyi bir müddət öncə ev oyunlarının canlı yayımının dayandırılmağı ilə bağlı qərar vermişdi. Ancaq AZAL-la son ev matçında bu qadağa aradan qaldırıldı: “Normada stadionumuza 10 min adam gəlirdisə, bir də görürsən bu rəqəm 2 minə düşür. Yəni, azarkeşlərimiz tənbəllik edib, stadiona gəlmirlər. Deyirlər ki, onsuz da oyun televiziyada göstərilir. Hazırda bunun üzərində iş aparırıq ki, başqa şəhərdə olan azarkeşlərimiz ev oyunlarımızı necə izləyə bilsinlər”.

Sözsüz ki, “altılıq” oyunları səbirsizliklə gözlənilir və həmin vaxt Lənkərandan canlı yayım məsələsinin necə olacağı maraq doğurur. Nadirov bu məsələnin həlli üzərində işlədiklərini söyləyib: “Bildiyiniz kimi, ilk dövrədə ev oyunlarımız canlı yayımlanırdı. Hətta bəzi səfər matçlarımızın da canlı yayımlanmağının təşəbbüskarı biz olmuşuq. Növbəti ev matçlarımızda bağlı bir neçə variantımız var. Bunlardan biri internet vasitəsilə yayımlamaqdır. Bunu da bir çox azarkeşlərimiz internetin yetərincə sürəti olmadığına görə izləyə bilmirlər. Yəni hər adamın evində sürətli internet yoxdur ki, oyunu izləyə bilsin. Biz belə düşünürük ki, oyun bölgədə, Lənkəran zonasında televiziya vasitəsilə yayımlanmasın, ancaq digər ölkələrdə olsun. İndi biz bununla bağlı Az.TV və “İdman Azərbaycan” telekanalları ilə danışıqları aparırıq. Necəsə onun bir yolunu tapacağıq”.

Nadirov son turda stadionda azarkeşlərin sayından razı qalmağını gizlətmədi:
“Çünki AZAL-la ev oyunumuza az adam gəlmişdi. İnanıram ki, oyunumuz canlı yayımlanmasaydı, stadionda daha çox azarkeş olardı. Keçən il azarkeş sayı 3-4 minə düşmüşdü. Futbol sırf klubun işçiləri, televiziya tamaşaçıları üçündürsə, onda niyə stadionda oynayırlar, tribunalar nəyə lazımdır? Elə stadionda televiziya kameraları qurulsun, azarkeşlər də oturub, tribunadan izləməsin də”.

Mehman SÜLEYMANOV