Berti Foqts: Bu gün Bakıda, sabah Qəbələdə
20.02.2012 - 14:45
Berti Foqts: Bu gün Bakıda, sabah Qəbələdə
“Berti Foqts bu gün Premyer Liqada “İnter” – “Sumqayıt” oyununu izləyəcək. Həmin matçda mən də onunla birgə “Şəfa” stadionundan olacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin məşqçisi Nazim Süleymanov deyib.

Yığmamızın baş məşqçisi Berti Foqts Premyer Liqada ardıcıl 2-ci tur “Şəfa” stadionunda olacaq. Almaniyalı mütəxəssis yenə həmin arenaya “Sumqayıt”ın matçını izləməyə gedəcək. Fərq ondadır ki, “Sumqayıt” “Neftçi” ilə fevralın 15-də keçirilən görüşdə meydan sahibi idisə, “İnter”lə bugünkü oyunda qonaq olacaq. Foqts bu gün paytaxtdakı yeganə oyunu yeni köməkçisi Nazim Süleymanovla birgə izləyəcək.

Süleymanov sabahkı səfər proqramının da müəyyənləşdiyini bildirib: “Foqts mənə sabah 14:30-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Rəvan” matçına getməyi tapşırdı. Özü isə sabah Qəbələyə yollanacaq. Foqts orada saat 14:00-da start götürəcək “Qəbələ” – “Xəzər Lənkəran” matçına baxacaq”.

Qeyd edək ki, Foqtsla Süleymanov hesabat turunun ertəsi – fevralın 22-də millini bir araya gətirərək, Dubaya 10 günlük təlim-məşq toplanışına yollanacaqlar.

Mehman SÜLEYMANOV