“Qarabağ” rəsmən “altılıq”da!
20.02.2012 - 16:07
“Qarabağ” rəsmən “altılıq”da!
Azərbaycan Premyer Liqasında “altılığ”ın daha bir iştirakçısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın final mərhələsinə vəsiqə qazanmağı artıq rəsmiləşib.

Bu, ağdamlıların evdə “Kəpəz”lə az öncə başa çatan 1:0 hesablı qələbə qazandığı matçdan sonra reallaşıb. Hazırda 35 xalla 4-cü yerdə gedən “Qarabağ” 7-ci yerdə qərarlaşan “Rəvan” üçün əlçatmaz olub. Belə ki, 25 xalı olan debütant qalan 3 matçda qalib gəlsə belə, Qurban Qurbanovun çalışdırdığı komandaya çata bilməyəcək.

Belə ki, turnir cədvəlində ilk 3 yerdə gedən “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” hələ ötən il “altılığ”a vəsiqəni rəsmiləşdirib. “Qarabağ” buna cari ildə nail olan ilk komandadır. Qalan 2 vəsiqəyə əsas namizəd olan “Bakı” ilə “Qəbələ” bu turda qalib gəlib, rəqibləri xal itirəcəyi halda, istəyinə vaxtından əvvəl çatacaq.

Mehman SÜLEYMANOV