Premyer Liqamızın futbolçuları ilə mundiala
20.02.2012 - 16:27
Premyer Liqamızın futbolçuları ilə mundiala
Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların da şərəfini qoruduğu Albaniya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki hədəfləri məlum olub. Apasport.az saytının məlumatına görə, yığmanın italiyalı baş məşqçisi Canni de Biazi komandasını Braziliyada keçiriləcək mundiala aparmaq iddiasındadır.

Təcrübəli mütəxəssis “Qarabağ”ın futbolçuları Admir Teli və Ansi Aqolli, həmçinin AZAL-ın üzvü Ervin Bullkunun da çağırıldığı millinin xəyalları gerçəkləşdirə biləcəyinə ümid edir: “Albaniyanın DÇ-2014-ün final mərhələsinə çıxması bir xəyal, bir röyadır. Lakin biz bu şirin yuxuların gerçəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik. Bilirəm ki, qrupumuzdakı rəqiblərə hörmətlə yanaşmaq lazımdır. Lakin mənə böyük futbolçulardan ibarət bir komanda qalıb. Ürəklə oynayıb, milli formanın dəyərini bilən futbolçularla Braziliya arzularımızı həyata keçirə bilərik”.

Qeyd edək ki, Albaniya seçmə mərhələnin Avropa zonası üzrə E qrupunda Norveç, Sloveniya, İsveçrə, Kipr və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.